Çeçenistanın Qudermes şəhərində 400 maskalı şəxs Yamadayevlərin ailə üzvlərinin yaşadığı evlərə hücum ediblər.
APA-nın məlumatına görə, bu barədə “Rosbalt” mənbəyə istinadən yazıb. Bildirilir ki, silahlı şəxslər heç bir izahat vermədən evlərə soxularaq, sakinləri saxlayırlar.
Onların hansı bölmələrə aid olduğu hələlik dəqiqləşməyib, lakin onların Çeçenistan prezidenti Ramzan Kadırova tabe olduqları deyilir.
Yamadayev qardaşları Çeçenistanda ən məşhur ailələrdən biridir. 6 qardaş olan Yamadayevlər birinci və ikinci Çeçen müharibəsinin iştirakçıları olub. Sağ qalan İsa və Badruddi Yamadayevlər Çeçenistanın indiki prezidenti Ramzan Kadırovu qardaşları - Rusiya Dövlət Dumasının deputatı Ruslan Yamadayev və “Şərq” batalyonunun komandiri Sulim Yamadayevin ölümündə təqsirli bilirlər.