Orta Asiyada yaşayan türk xalqlarının nümayəndələrindən təşkil edilən “Turan” taborunun döyüşçülərinin Suriyadakı fəaliyyəti dərin iz buraxıb. Muzdluların taboru olan “Turan” ABŞ-ın Əfqanıstan və İraqda istifadə etdiyi “Qara su” (Blackwater) qüvvələrinə bənzədilir.
Teleqraf.com xəbər verir ki, Rusiya tərəfindən Suriyaya göndərilən və xüsusi təlim görmüş hərbçilərdən ibarət “Turan” taborunun döyüşçüləri Deyr-əz-Zorda nəzərə çarpıb. Bu tabor haqqında çox az məlumat var. Hətta Rusiya KİV-i “Turan”ı “sirli tabor” adlandırır. Taborun heyətinin əsas hissəsi azərbaycanlı, qazax, sak, yakut, qırğız, özbək, tacik və türkmənlərdən təşkil edilib. Bildirilir ki, bu tabor Suriyaya İŞİD-lə mübarizədə qeyri-ənənəvi metdodla döyüşmək üçün göndərilib.
Xüsusi təyinatlıların keçmiş üzvləri
Tərkibində Rusiyanın keçmiş xüsusi təyinatlılarının da olduğu “Turan”ın döyüşçülərinin sayının 800-1200 nəfər olduğu bildirilir. Bununla bərabər, tabora keçmiş hərbçilər da cəlb olunub. Onlar partizan müharibəsi metodlarını öyrənmək üçün 8 ay intensiv hərbi kurs keçirlər. Keçmiş müsəlman hərbçilərdən təşkil edilən taborun döyüşcüləri 30-50 yaşlarındadır. “Turan”ın üzvlərinin İŞİD-lə müharibədə nail olduqları uğurlar barədə sosial şəbəkələrdə müxtəlif məlumatlar yaydıqları bildirilir. Rusiya KIV-ləri bu dəstənin terorçularla mübarizəyə böyük töhfə verdiyini vurğulayırlar.
Onlar NATO silahlarından istifadə edir
İlkin mərhələdə “Turan”ın 400 döyüşçüsünün Həmaya göndərildiyi ehtimal edilir. Daha sonra onlar Homs, Palmira və digər rayonlarda Suriya ordusunun keçirdiyi əməliyyatlara dəstək veriblər.
Xüsusi hərbi birlik hesab edilən “Turan” Rusiyanın Kalaşnikov avtomatları kimi silahlarla yanaşı, NATO ölkələrinin istehsalı olan silahlardan da istifadə edir. “Turan” döyüşçülərinin həmçinin ABŞ istehsalı olan М-4 və М-16 karabinləri ilə silahlandığı bildirilir. Ekspertlər bu taboru mühafizə bölüyü olan “Qara su”ya bənzətsələr də, bəzi Rusiya qəzetləri “Turan”ın mübarizə metodlarının mahiyyətcə İŞİD-in metodlarından fərqlənmədiyini və qəbuledilməz olduğunu bildirirlər.
Onların idolu Teymurləngdir
Taborun döyüşçülərinin qollarındakı göy və qara-qırmızı tikmənin üzərində “Turan” sözü, tüfəng tutan əl və üç nöqtə diqqəti cəlb edir. Şərti tüfəng təsvirinin üzərində Əmir Teymurun “güc ədalətdədir” sözləri yazılıb. Üç nöqtənin isə 1370-1507-ci illərdə mövcud olan Teymurilər İmperiyasının bayrağını simvolizə etdiyi ehtimal olunur.
Ayda 150 min rubl alırlar
1,2 min nəfərdən ibarət olan tobrun muzdlularının maliyyələşməsi haqqında da dəqiq bilgilər yoxdir. Lakin “Moskovskiy komsomolets” qəzetinin əməkdaşı muzdlulardan biri ilə bu bardə söhbət edə bilib. Qəzetin iddiasına görə, Suriyadakı muzdlular ayda 150 min rubl (2600 dollara yaxın) əmək haqqı alırlar. Komandirlərə isə ayda 4 min dollardan artıq əmək haqqı ödənildiyi bildirilir.