40-a yaxın qadın və uşaq İraqdan Dağıstana qaytarılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ria Novosti-yə Dağıstan Respublikasının uşaq hüquqları üzrə müvəkkili Marina Yejova deyib.
Onun sözlərinə görə, çeçen hökumətinin fəaliyyəti nəticəsində indiyədək İraq və Suriyadan 100 qadın və uşaq vətənə dönüb. Onların arasında Çeçenistan, Dağıstan, İnquşetiya, Başqırdıstan, Tver, Nijnevartovsk, hətta Qazaxıstan və Özbəksitan vətəndaşları da var: "Bu gün isə 40 qadın və uşaq Dağıstana qayıtdı".
Uşaq və qadınların Suriya və İraqdan dönüşü Çeçenistan rəhbəri Ramzan Kadırovun İnstaqram səhifəsində RT kanalının Bağdaddan çəkdiyi video-görüntüləri paylaşmasından sonra başlayıb. Onlar İŞİD tərkibində döyüşmüş şəxslərin başsız qalmış ailəsidir. Əvvəl Mosula, ordan da Bağdada gətiriliblər.
Hazırda İraq və Suriyadan Rusiya vətəndaşlarının geri qaytarılması üçün fəaliyyət göstərən komissiyaya Ramzan Kadırov rəhbərlik edir.