ABŞ Prezidenti Donald Tramp İrandakı sosial etirazları dəstəkləyən tvitlər paylaşandan sonra aksiyaların istiqaməti dəyişib.
Teleqraf.com xəbər verir ki, əgər ilk günlər etirazçılar daha çox İran hakimiyyətinin əleyhinə şüarlar səsləndirirdilərsə, D.Trampın tvitlərindən sonra aksiyalarda ABŞ-a qarşı da çıxışlar edilib.
Tehrandan "CNN Türk"ün canlı yayımına bağlanan İHA müxbiri Cəlaləddin Әrdus Trampın açıqlamalarından sonra İrandakı aksiyaların zəiflədiyini və ABŞ əleyhinə şüarların səsləndirildiyini bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Tramp İranda insanların hökumətin terrorçuluq fəaliyyətinə etiraz etdiyini bildirib. Donald Tramp Tvitter hesabında yazıb ki, Obama rəhbərliyi ilə bərbad razılaşmaya baxmayaraq, İran hər səviyyədə öz bacarıqsızlığını nümayiş etdirir: "Böyük İran xalqı illərdir təzyiq altındadır. Onlar ərzaq və azadlıq acıdırlar. İnsan haqları pozulmaqla yanaşı, İranda insanların var-dövləti də talanır. Dəyişməyin zamanıdır".
Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd şəhərində heç bir siyasi partiyanın çağırışı olmadan insanlar ölkədəki sosial duruma etiraz olaraq küçələrə çıxıblar. Qısa müddət ərzində etirazlar bir neçə şəhərə yayılıb. Aksiyalarda 13 mülki şəxs, bir polis əməkdaşı ölüb.