ABŞ prezidenti Donald Tramp bir illik prezidentlik fəaliyyətindən bəhs edən "Atəş və Qəzəb: Tramp Ağ Evinin içindən" adlı kitabın nəşr edilməməsi üçün mətbəyə müraciət edib.
Teleqraf.com xəbər verir ki, Maykl Volfun müəllifi olduğu kitabda Trampla bağlı həqiqətə uyğun olmayan məlumatların yer aldığı qeyd olunur. Bildirilir ki, əgər kitab nəşr olunub satışa çıxarılsa prezidentin vəkilləri məhkəməyə müraciət edəcəklər.
Qeyd edək ki, kitabda müəllifin Trampın yaxın adamlarından aldığı müsahibələr yer alıb. Məsələn, kitabda Trampın baş müşaviri olmuş Stiv Bannonun müəllifə müsahibəsi zamanı prezidentin böyük oğlu Tramp Jr. ilə ruslar arasında Nyu Yorkdakı Tramp otelində keçirilən görüşlə bağlı işlətdiyi "xaincə" sözü öz əksini tapıb. Kitabda Trampın buna cavab olaraq "Stiv qovulduğu gün sadəcə işini deyil, eyni zamanda ağlını da itirib" ifadəsinə də səhifə ayrılıb.
Kitabda qeyd olunur ki, Tramp Ağ Evə köçəndən sonra yeyib-içməyə üstünlük verir, saatlarla tele-kanallara baxır və s.
Kitabın yanvarın 9-da satışa çıxarılacağı gözlənilir.