Tiflis Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti, sonradan bu ölkənin vətəndaşlığından çıxarılan və hazırda Ukraynada yaşayan Mixail Saakaşvilinin 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə məhkəmənin hökmünü hakim Georgi Arevadze oxuyub.
M.Saakaşvili bankir Sandro Qirqvlianinin qətlində günahlandırılan şəxslərin qanunsuz olaraq azadlığa buraxılmasında təqsirli bilinib.
Qərara görə, M.Saakaşvili Konstitusiya Təhlükəsizliyi İdarəsinin o vaxtkı rəisi Date Axalya ilə qanunsuz əlaqəyə girərək, bankirin qətlinə görə mühakimə olunanların vaxtından əvvəl azad edilməsinə hüququ əsas hazırlayıb və həmin şəxslər şərti cəza almaqla azadlığa buraxılıblar.
Qeyd edək ki, bundan öncə Tiflis Saakaşviliyə qarşı cinayət işi açmışdı. Gürcüstan hüquq-mühafizə orqanları onu səlahiyyətlərindən sui-istifadədə ittiham edirdi.