ABŞ prezidenti Donald Tramp sabiq dövlət katibi və prezidentliyə keçmiş namizəd Hillari Klintonu Federal Təhqiqatlar Bürosu və Rusiya ilə sövdələşmədə ittiham edib.
Teleqraf.com xəbər verir ki, bu barədə prezident özünün tvitter səhifəsində yazıb.
“İndi təsdiq edilir ki, barəmdə Rusiya ilə sövdələşmə haqda iddialar tamamilə yalandır. Aydın olur ki, sövdələşmə Hillari Klintonla FTB və Rusiya arasında olub. Onlar seçkiləri udmaq üçün birgə çalışıblar. Kədərlidir”, - deyə Tramp qeyd edib.
Xatırladaq ki, 2016-cı ilin noyabrında ABŞ-da keçirilən seçkilərdən sonra Trampın opponnetləri onu Moskvanın verdiyi siyasi dəstək hesabına qələbə çalmaqda ittiham edir. Bu iddia Ağ Ev və Kreml tərəfindən rədd edilsə də, FTB və Konqres Rusiyanın ABŞ seçkilərinə müdaxiləsini və Tramp ilə əlaqəsini araşdırır. Araşdırmanı xüsusi prokuroru Robert Müller həyata keçirir.