Gənc nəsil “mənim də söz haqqım var, sözlərimi dinləməlisiniz” deyir. Xalqımızın səsini dinləməli və istəklərini yerinə yetirməliyik.
Teleqraf.com İran KİV-nə istinadla xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani ölkədəki etiraz aksiyaları barədə danışarkən deyib.
Onun sözlərinə görə, ölkədəki problemlərin əsas səbəbi rəsmi şəxslərin gənc nəsildən uzaqlaşmasıdır.
Xalqın istəklərinin iqtisadiyyatla məhdudlaşmadığını deyən Ruhani bildirib ki, insanların mədəni və sosial tələbləri də var: “Bəziləri düşünür ki, xalq təkcə pul istəyir. Bu, yanlış düşüncədir və xalqa xəyanət deməkdir. Azadlıq pulla ölçülmür”.
Sosial mediaya qoyulan daxili qadağanı tənqid edən prezident sosial şəbəkələrlə bağlı məhdudiyyətin aradan qaldırılmasının vacibliyinə toxunub: “Bu məhdudiyyətə görə son bir həftədə 100 mindən çox insan işini itirdi. Bəzi şəxslər xalqın təkcə dövlət televiziyasının izləməsini istəyir. Dövlət televiziyası bir qrupun yox, xalqın səsi olmalıdır”.
Həsən Ruhani həmçinin İrandakı aksiyalarla bağlı ABŞ-ın sərgilədiyi mövqeyi sərt tənqid edib: “ABŞ bu məsələni BMT Təhlükəsizlik Şurasına qədər aparsa da, nəticə əldə edə bilmədi və siyasi nüfuzuna ziyan vurdu. BMT-nin Təhlükəsizlik Şurası ölkələri ABŞ-ı susdurdu, cavabını verdi”.