Tehranın Evin həbsxanası qarşısında son aksiyalarda tutulanların valideynləri kütləvi həbslərə qarşı etirazlara başlayıblar.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onlar dinc etirazlarda tutulan övladlarının qeydsiz-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.
Aksiyanın müddətsiz olaraq davam edəcəyi bildirilir. Hətta bəzi valideynlər həbsxana qarşısında çadır da qurublar.
“Siyasi məhbuslara azadlıq”, “Günahsız tələbələrə azadlıq” və bu kimi şüarlar səsləndirən aksiyaçılar kütləvi həbslərə son qoyulmasını, tutulanların dərhal azadlığa buraxılmasını istəyirlər.
Həbsxana mühafizəçiləri və ətraf yerlərdən gətirilmiş silahlı hökumət qüvvələri bir neçə dəfə aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etsələr də, valideynlər təzyiq və təhdidlərə baxmayaraq dağılışmayıblar.
Son məlumatlara əsasən, Evin həbsxanasının qarşısında və ətraf məhəllələrdə vəziyyət gərgin olaraq qalır.