Çində internet üzərindən satış həyata keçirən iş adamı təklif etdiyi xidmətdən şikayətlənən Xiao Diye adlı müştərini tapmaq üçün 850 kilometr yol qət edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bir sutka yol gedən iş adamı qadın müştərini taparaq ona hücum edib. O, küçənin ortasında Xiao Diyenin üzünə yumruqla vurub və təpikləməyə başlayıb. Hadisə şahidləri isə heç bir müdaxilə etməyib.
Xiao Diye sifariş verdiyi libas 3 gün gecikdiyi üçün şirkətin veb səhifəsindən şikayət edib. Şirkətin sahibi isə qadına təhqiramiz mesajlar göndərəndən sonra yaşadığı şəhərə gedərək onu döyüb.
Polis Zhanq soyadlı şirkət sahibini saxlayıb. Xiao Diye isə xəstəxanaya çatdırılıb.