Tehranın Evin zindanında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal, mühəndis Siyamək Mirzayinin işinə İran Ali Məhkəməsində baxılacaq.
Teleqraf.com-un məlumatına görə, fəalın vəkili Fəqihi Apelyasiya Məhkəməsinin hökmünə etiraz etdikdən sonra işə Ali Məhkəmədə baxılacağı barədə qərar verilib.
Vəkilin etirazı Ali Məhkəmədə təsdiqlənərsə, S.Mirzayinin dosyesi yenidən Apelyasiya Məhkəməsinə göndəriləcək.
S.Mirzayi 2016-cı il iyulun 14-ü axşam saatlarında Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutulub. O, əvvəlcə İranın İnformasiya və Kəşfiyyat Nazirliyi (Ettelaat) yerli idarəsində saxlanılıb, sonra isə Evin zindanına köçürülüb. Azərbaycanlı fəal öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və qanunsuz təşkilat yaratmaq ittihamı ilə 10 il həbs və 2 il müddətinə Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonra Apelyasiya Məhkəməsi fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il müddətinə sürgünə məhkum edib.
S.Mirzayi bundan öncə də Azərbaycan xalqının milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb. Azərbaycanlı fəalın ali təhsilin magistratura səviyyəsinə qəbul imtahanını müvəffəqiyyətlə keçməsinə baxmayaraq universitetə buraxılmayıb, onun təhsilinin davamına qadağa qoyulub.