18 Yanvar 2018 17:51
2 595
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq və Suriyada İŞİD-lə mübarizədə uğurlar əldə edilməsinə rəğmən, bu terror təşkilatının lideri, terrorçuların xəlifə elan etdiyi Əbubəkr Bağdadinin taleyi haqqında konkret bilgi yoxdur.

Teleqraf.com xəbər verir ki, İŞİD-in məğlubiyyətə uğradılmasından sonra Bağdadinin həyatda olub-olmamasına dair müxtəlif iddialar irəli sürülür.

ABŞ və Rusiya hava hücumları zamanı “xəlifənin” öldürüldüyünə dair zaman-zaman informasiyalar yaysa da, Bağdadinin yaşadığı və İraqın Suriya sərhədi yaxınlığında bir nöqtədə olduğu haqda məxfi məlumatlar var.

Araşdırmaçı Səid el-Ceyyaşi hesab edir ki, Bağdadi Suriyanın İraq sərhədləri yaxınlığında, hazırda İŞİD-in nəzarətində olan bölgədədir:

“Mosulun azad edilməsi üçün 2016-cı ildə başladılan əməliyyatlar zamanı İŞİD yeni taktika seçdi. Çünki vəziyyəti getdikcə çətinləşirdi. Məxfi informasiaya görə, Bağdadi səlahiyyətlərini İŞİD rəhbərlərindən ibarət komissiyaya verib. Bağdadi İŞİD-i idarə etmək səlahiyyətini itirdikdən sonra bu şəbəkədə xəlifə məqamı boşdur. İŞİD indiki mərhələdə düşüncə və təbliğat fəaliyyətini yenidən gözdən keçirir”.

Digər bir iddiaya görə, Bağdadi Səlahəddin vilayətinə aid olan Sirsar bölgəsindədir.

Silahlı qüvvələr üzrə mütəxəssis Hişam əl-Haşimi deyib ki, İŞİD xəlifəsi hələ də İraq torpaqlarındadır:

“Kəşfiyyat xəbərlərinə görə, Bağdadi hazırda Sirsar bölgəsindədir”.

Əbubəkir Bağdadinin Suriya sərhədlərinə yaxın bölgədə saxlanıldığı haqda mövqeləri bölüşsə də, İraq hakimiyyətinin “xəlifəni” yaxalamaq üçün heç bir plana malik olmadığı iddia edliri.

İraqın Terrorla Mübarizə Qoşunlarının komandan müavini, general Abdulvahab əs-Səidi deyir ki, Bağdadinin yeri konkret müəyyən edilmədiyi üçün onun ələ keçirilməsinə dair planları yoxdur:

“Bağdadi heç vaxt müharibə olan bölgədə qalmaz. Bu səbəbdən də onun məhv edilməsi və ya həbsi elə də asan məsələ deyil”.

Qeyd edək ki, son vaxtlar İŞİD xəlifəsinin öldürülməsi haqda dəfələrlə informasiyalar yayılıb. Məsələn, İraq ordusunun rəsmi hesabatında qeyd edilib ki, 13 fevral 2017-ci ildə Bağdadi və İŞİD rəhbərliyinə daxil olan şəxslər Suriya sərhədləri yaxınlığındakı mənzildə F16 qırıcı təyyarəsi ilə vurulub.

Rusiya tərəfi isə iddia edir ki, ötən ilin mayında Suriyada terrorçulara havadan zərbələr endirib və bu zaman xəlifə öldürülüb.

Ancaq İŞİD həmin ilin 28 iyununda ƏbubəkirBağdadiyə aid səs yazısını yayımlayıb və bununla da onun öldürüldüyü haqda konkret faktlar öz gücünü itirmiş olub.

Bu arada İraq Müdafiə Nazirliyinin sözçüsü, general Yəhya Rəsul bəyan edib ki, əsas hədəfləri Bağdadinin həbs edilməsidir:

“Ancaq sağ ələ keçirilməsinə əngəl yaranacaqsa, onun dərhal öldürülməsində tərəddüd yaşanmayacaq”.

ABŞ hökuməti isə Bağdadinin ölü və ya canlı ələ keçirilməsində köməklik edəcək şəxsə mükafat ved edib. 2016-cı ildə mükafatın miqdarı 10 milyon ABŞ dollarından 25 milyon dollara qaldırılıb.

İŞİD xəlifəs elan edilən Əbubəkir əl-Bağdadinin əsl adı İbrahim əs Samarradır. Bu şəxs 1971-ci ildə Bağdadın cənubundakı Səlahəddin vilayətinin Samarra kəndində doğulub. Orta imkanlı ailədə doğulan “xəlifə” ilahiyyət sahəsində yüksək təhsilə malik olmaqla yanaşı doktorluq dissertasiyası üçün araşdırmalar aparıb. ABŞ-ın 2003-cü ildə İraqı işğalından sonra radikal sələfi qruplarına qatılan Bağdadi 2004-cü ildə Fəllucədə ABŞ hərbçiləri tərəfindən həbs edilib. Sonradan mülki vətəndaş olması “səbəbindən” azadlığa buraxılıb

Bundan başqa, Bağdadi Usama bin Ladenin öldürülməsindən iki il sonra, 2013-cü ildə “Əl-Qaidə” terror təşkilatından ayrılıb. Elə həmin il də “Nusra Cəbhəsinin” onlara qatıldığını bəyan edən xəlifə İŞİD dövləti qurduğunu bəyan edib.


Müəllif: Cavad

Oxşar xəbərlər