24 Yanvar 2018 09:00
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya keçmiş SSRİ məkanında və ya ayrıca Cənubi Qafqazda xüsusi fəallıq nümayiş etdirmir. Tokionun xarici siyasətinin əsas maraqları Uzaq Şərqdədir. Bura Çin, ABŞ və Rusiya ilə münasibətlər, o cümlədən Koreya yarımadasındakı durumun monitorinqi daxildir.

Teleqraf.com xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin hazırladığı analitik yazıda öz əksini tapıb.

Qeyd olunur ki, buna baxmayaraq, son illər Tokionun GUAM-a da (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) marağı artıb:

“Yapon diplomatlar GUAM-ın beynəlxalq təşkilatlarda keçirilən toplantılarında müşahidəçi qismində iştirak edirlər. Bundan başqa illərdir GUAM+Yaponiya formatı mövcuddur. Bu format çərçivəsində GUAM ölkələrinin xarici işlər nazirləri yaponiyalı həmkarı ilə birgə görüşür və fikir mübadiləsi aparırlar. Son belə görüş 2017-ci ilin sentyabrın 22-də olub. BMT Baş Assambleyasının builki 72-ci sessiyası çərçivəsində GUAM-Yaponiya Nazirlər Şurasının iclası keçirildi. İclasın yekununda “GUAM-Yaponiya Mətbuat Açıqlaması” qəbul olundu. Mətbuat açıqlamasında tərəflər BMT Nizamnaməsində əks olunmuş prinsiplər də daxil olmaqla, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərini bir daha təsdiqlədilər”.

Bəs, Yaponiyanın GUAM-a marağı nə ilə bağlıdır? Bu suala da cavab axtarılan yazıda daha sonra qeyd olunur:

“Birincisi, Yaponiya bununla demək istəyir ki, GUAM-a üzv ölkələrin hər birinin ərazi bütövlüyünü dəstəkləyir və separatizmi pisləyir. GUAM-ın hər bir üzvündə separatçı və işğal olunmuş bölgələr var. Yaponiyanın bu dəstəyi GUAM ölkələri üçün vacibdir.

İkincisi, Yaponiya GUAM-a üzv olan ölkələrlə əlaqələrini ayrı-ayrılıqda inkişaf etdirməklə yanaşı GUAM-a üzv 4 dövlətlə bir təşkilat çərçivəsində də dialoqunu genişləndirmək imkanı qazanır. Yaponiya 4 dövlətin ümumi maraqlarını və həyata keçirdikləri layihələri daha asan yolla özü üçün müəyyənləşdirmiş olur.

Üçüncüsü, Yaponiya GUAM-a maraq göstərməklə balanslaşdırılmış xarici siyasətə üstünlük verdiyini göstərir. Məsələn, Yaponiya ABŞ-ın müttəfiqidir, ancaq Qərb ölkələri kimi Rusiyaya qarşı sanksiyaların hamısına qoşulmayıb, Kremllə dialoqu davam etdirir. Digər tərəfdən Yaponiya Rusiya ilə dialoqu genişləndirməklə yanaşı Qərbin dəstək verdiyi GUAM-la da əlaqələri gücləndirir, Tokio Rusiya ilə gərgin münasibətləri olan Ukrayna və Gürcüstanla dialoq qurur”.

Bildirilir ki, Azərbaycan siyasi, iqtisadi və hərbi gücünə görə GUAM-ın əsas ölkələrindən biridir:

“Buna görə də Yaponiya Azərbaycanla da əlaqələrə önəm verir. Yaponiya şirkətləri SOCAR-la əməkdaşlıq edir, Azərbaycanın rayonlarında müxtəlif tutumlu layihələri maliyyələşdirir. Azərbaycanın həyata keçirdiyi böyük regional layihələr Yaponiyanın diqqət mərkəzindədir. Doğrudur, Yaponiya Azərbaycandan birbaşa neft və qaz almır, nəqliyyat xətlərindən istifadə etmir. Buna baxmayaraq, Azərbaycanın Qərblə Şərq arasında körpü rolu oynaması və bu statusunu artırması, gələcəkdə Çin mallarının Bakı-Tiflis-Qars dəmir yolu ilə Avropaya çatdırılması Yaponiyanın Azərbaycana marağı artırır, diplomatik təmasların intensivliyi artır. Yaponiya Azərbaycanın türk dünyasında oynadığı rolu da nəzərə alır”.


Müəllif: Səxavət

Oxşar xəbərlər