İranın Sistan və Bəluçistan vilayətinin inzibati mərkəzinin prokuroru Musa Nurinin öldürülməsində ittiham olunan şəxslərdən üçü bu gün səhər Zabul şəhər mərkəzində əhalinin gözü qarşısında edam olunublar.
Teleqraf.com-un İranın Fars agentliyinə istinadən verdiyi məlumata görə, edam olunan şəxslər Ümid Piri, İman Golavi və Əlirza Dehmardadır. Onların edam hökmləri cari ilin mart ayında çıxarılmışdı və bu gün səhər edam olunublar.
Xatırladaq ki, 2013-cü ilin noyabr ayında silahlı hücum nəticəsində İranın Sistan və Bəluçistan vilayətinin inzibati mərkəzinin prokuroru Musa Nuri öldürülmişdi. Musa Nuri avtomobili naməlum şəxslər tərəfindən saxlanıldıqdan sonra sürücüsü ilə birlikdə qətlə yetirilmişdi. Bu cinayət işi ilə bağlı 13 nəfər həbs olunmuşdu.
Qeyd edək ki, prokurorun ölümü ilə bağlı həbs olunan 13 nəfərdən 3 əsas iştirakçı barəsində edam hökmü artıq icra olunub və digərləri haqda iş aparılır.