ABŞ Suriyanın şimalında terror dövləti qurmaq üçün PKK terror təşkilatının lideri Abdulla Öcalanla koordinasiyalı şəkildə hərəkət edir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Öcalan 2014-2016-cı illərdə Çətin Arkas, Nəsrullah Quran və Mikayıl Barut adlı terrorçular vasitəsilə ABŞ-ın Suriyadakı nümayəndəsi Bred Makqarda və Pentaqona Suriyanın şimalında görülməsi vacib olan işlərlə bağlı fikirlərini çatdırıb.
Öcalanın hesabatında Cerablus və Azez xəttinin birləşdirilməsi, Türkiyə Silahlı Qüvvələrinə Afrin məsələsində əngəl törədilməsi, konfederasiya ordusunun qurulması və sərhəd təhlükəsizlik qüvvələrinin yaradılması kimi təkliflər yer alıb.
Vaşinqton tərəfinin bu planları həyata keçirməsinə isə Türkiyə mane olub. İlk olaraq, Cerablus-Azez xəttinin birləşməsi prosesi Fərat Qalxanı Hərəkatı ilə dayandırılıb. İndi isə ABŞ tərəfi türk ordusunun Afrini terrorçulardan təmizləməsinə mane ola bilmir.
Öcalanın Pentaqona yazdığı məktubda ABŞ-ın 6 ay ərzində PKK üçün güclü ordu qura biləcəyi qeyd edilib.
Bu məktuba Bred Makqard cavab verib. O bildirib ki, ABŞ PKK ilə nəinki Suriya və İraqda, hətta Yaxın Şərqin yenidən formalaşdırılması məsələsində əməkdaşlıq etməyə hazırdır.
Öcalan bu yazışmadan sonra PKK terrorçularına müraciət edib.
O bildirib ki, belə davam etsə, ABŞ-ın yardımlarına baxmayaraq, PKK məhv olacaq:
“Siz hələ nə ilə qarşı-qarşıya olduğunuzun fərqində deyilsiz. Siz bu vəziyyətdə Afrini qoruya bilməyəcəksiz”.