Gürcüstanda sərhəd keçid məntəqələrində fitosanitar və baytarlıq nəzarəti sərtləşdirilib.
Bu barədə Gürcüstanın Milli Qida Agentliyi məlumat yayıb. Gürcüstanda istehlak bazarının mühafizəsi və idxal olunan qida məhsullarının təhlükəsizlik standartlarını təmin etmək məqsədilə hökumətin müvafiq qərarlarına dəyişikliklər edilib.
Dəyişikliklərə əsasən, ölkəyə idxal olunan qida məhsullarının mənşəyi ilə bağlı şübhə yaranarsa, laboratoriya analizləri başa çatmayana qədər onların reallaşdırılmasına icazə verilməyəcək. Həmin məhsulların sahibləri onları digər məhsullardan ayıraraq gömrük anbarına yerləşdirməli olacaqlar.
Bu vaxta qədər qadağan olunmuş və arzuolunmaz maddələrin aşkar olunması məqsədilə sərhəd keçid məntəqələrində nümunələr üzrə laboratoriya analizi aparılıb. Lakin nəticələr məlum olmayana qədər məhsulların sahibləri onların satışını həyata keçirə bilib.
Şübhəli qida məhsulları sərbəst dövriyyədə çətinliklə müəyyən olunduğundan onlar insanların həyat və sağlamlığı üçün təhlükə yaradıb.
Digər yeni qaydaya əsasən, idxal olunmuş məhsulda il ərzində 2 dəfə patogen mikroorqanizmlər müəyyən olunarsa, konkret istehsalçıdan həmin məhsulun idxalı 1 il müddətinə dayandırılacaq./APA/