İran Türkiyəyə olan 1,9 milyard dollarlıq borcunu mavi yanacaqla ödəyib.
Teleqraf.com xəbər verir ki, 8 milyard kub metr qazla borcunu tamamilə ödəyən Tehran bundan sonra Türkiyəyə təbii qazı bazar qiymətlərilə satacaq.
İran Milli Qaz Şirkətinin direktoru Hamid Reza Aragi bildirib ki, İran bu günə qədər Türkiyəyə 8 milyard kub metr qazı pulsuz ixrac edib: "Bundan sonra satacağımız qazın pulunu tam alacağıq".
Qeyd edək ki, İrandan ildə 10 milyard kub metr təbii qaz alan Türkiyə qazı bazar qiymətindən baha satdığı üçün 2012-ci ildə İranı Beynəlxalq Arbitraj Məhkəməsinə vermişdi. Məhkəmə 2016-cı ildə İran əleyhinə qərar qəbul etmişdi. Qərara əsasən İran 2012-ci ilə qədər Türkiyəyə satdığı qazın ümumi məbləğinin 13 faizi miqdarında, 1,9 milyard dollar, cərimə ödəməli olub.
İran Neft naziri Bijan Zanganeh ötən il bildirmişdi ki, ölkəsi Türkiyəyə olan borcunu qazı pulsuz satmaqla ödəyir.