Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev hökuməti istefaya göndərib.
Teleqraf.com xəbər verir ki, digər sərəncamla region hökumətinin başçısının müavini Anatoliy Karibovu yeni hökumət formalaşanadək müvəqqəti olaraq baş nazir vəzifəsinə təyin edib.
Hökumətə yeni tərkib formalaşdırılanadək öz fəaliyyətini davam etdirmək göstərişi verilib. Fərman imzalandığı gündən qüvvəyə minib.
Bundan əvvəl Dağıstanın baş naziri vəzifəsini müvəqqəti icra edən Abdusamad Həmidovun evində aparılan axtarış zamanı qızıl TT tapançası, "Beretta" tapançası və iki "Kalaşnikov" avtomatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, ötən gün Dağıstanda korrupsiya ittihamı ilə hökumət sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Abdusəməd Həmidov, onun müavinləri Şamil İsayev və Rayudin Yusufov, Dağıstanın sabiq Təhsil naziri Şahabbas Şaxov və digər vəzifəli şəxslər saxlanılıb. Bundan əvvəl isə Mahaçqala meri Musa Musayev və şəhərin baş arxitektoru Məhəmmədrəsul Qitinov saxlanılıb.