Türkiyənin Bartın bölgəsinin Amasra qəsəbəsində güclü fırtına Roma dövrünə aid olduğu güman edilən daş tabut və sütun parçalarını üzə çıxarıb.
Teleqraf.com "sodakika.com"a istinadla xəbər verir ki, tarixi memarlıq nümunəsini görən qəsəbə sakinləri bu barədə muzey müdirliyinə məlumat veriblər. Muzeyin işçiləri aparılan tədqiqat nəticəsində üzərində fiqurlar olan daşların tipik heykəl və ya yazı ilə bəzədilmiş Roma sivilizasiyasına aid daş tabut və sütun parçaları olduğunu bildiriblər.
Amasra muzey müdiri Baran Aydının sözlərinə görə, parçaların uzun illər əvvəl inşaat zamanı dağıntılarla birlikdə sahilə töküldüyü təxmin edilir. Baran Aydın qeyd edib ki, sözügedən tarixi parçaların konkret nə vaxta aid olduğu hələlik bəlli deyil: “Uzun müddət əvvəl dağıntılarla birlikdə sahilə töküldüyünü sandığımız parçalar güclü dalğalar nəticəsində üzə çıxıb”.
Muzey müdiri üzərində müxtəlif fiqurların əks olunduğu parçaların ciddi şəkildə qorunaraq araşdırılacağını deyib.