PYD/PKK keçən ay Suriyada 400 İŞİD üzvünü sərbəst buraxıb və 120 İŞİD-çi Suriya Demokratik Gücləri sırasına qatılıb. Bu problemə dırnaqarası baxaraq terrorçulara qarşı ikili standartlar tətbiq edilir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vassili Nebenziya BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən terror aktları mövzusunda keçirilən iclasında deyib.
Vassili Nebenziyanın sözlərinə görə, İŞİD-in neft gəlirləri azalıb və keçən ilin sonlarından etibarən neft və təbii qaz qaçaqçılığından əldə etdiyi gəlir aylıq 2 milyon dollar olub: “Buna görə də İŞİD müasir texnoogiya ilə internet üzərindən gəlir qaynaqlarını artırmağa çalışıb. İŞİD-ə birbaşa və ya dolayı yolla dəstək verənlər məsuliyyətə cəlb olunmalıdır”.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi jurnalistlərə açıqlamasında ABŞ-ın Suriyada hakimiyyət qüvvələrinin vurmasını kədərli hadisə kimi qiymətləndirərək bu məsələni BMT Təhlükəsizlik Şurasında gündəmə gətirəcəklərini bildirib.
İngiltərənin BMT-dəki daimi nümayəndəsi Conatan Allen isə İŞİD-in nəzarət etdiyi torpaqların 98 faizini itirdiyini, İraq və Suriyada 7,7 milyondan çox insanın terror təşkilatından xilas olunduğunu bəyan edib. Onun sözlərinə görə, İŞİD zəiflədilsə də, təşkilatın üzvləri hələ də bütün dünya üçün təhlükə mənbəyidir.