12 Fevral 2018 10:45
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Rusiyanın paytaxtı Moskvanın yaxınlığında An-148 tipli sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı bəzi versiyalar səsləndirilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hazırda Rusiya İstintaq Komitəsi mühərrikdə yanğın və ya buzlama, sürət ötürücülüyündə nasazlıq və pilotların səhvi versiyalarını araşdırır.

Ancaq hadisə o qədər sürətlə baş verib ki, ekipaj nə qəza enişinə, nə də ki problemlər barədə dispetçerlərə məlumat verməyə macal tapmayıb.

Terakt versiyası hələ ki, inandırıcı sayılmır. Ekspertlərin sözlərinə görə, terrorçu-kamikadzelər əsasən, terakt törətmək üçün müəyyən vaxt gözləyirlər: “Onlar olayı törətməzdən öncə ayağa qalxmaq üçün icazəni gözləyirlər. Yaxın kəndlərin sakinlərinin eşitdiyi partlayış isə təyyarənin yer ilə toqquşması zamanı yaranıb”.

Məlumatlara görə, Moskvadan Orska 14:00-da uçmalı olan təyyarə 24 dəqiqə gecikib. Bunun səbəbləri məlum deyil.

Pilot dispeçer ilə danışıq zamanı heç bir problem barədə məlumat verməyib. Qeyd edilib ki, pilotlar qəzadan bir neçə saniyə əvvəl onlara yönləndirilən heç bir suala cavab verməyib.

Bununla yanaşı, təyyarə qəzaya az qalmış 600 kilometr/saat sürət ilə 1800 metr hündürlüyə qalxıb. Bundan sonra yerə doğru düşməyə başlayıb.

Bəziləri təyyarənin yanacağının keyfiyyətsiz olması ehtimalını irəli sürsə də, bu informasiya təsdiqlənməyib. Məlumatlarda eyni yanacaqdan onlarla təyyarənin istifadə etdiyi açıqlanıb. Rusiya Fövqəladə Hallar İdarəsi qəza yerində təyyarənin hər hansı uçan obyektlə toqquşması ehtimalını da araşdırıb. Bu ehtimal da təsdiqini tapmayıb.

Qeyd edək ki, hadisə zamanı təyyarədə olan 71 nəfərin hamısı həlak olub.


Müəllif: Samir

Oxşar xəbərlər