Beynəlxalq səviyyədə ən çox axtarılan terrorçular siyahısının başında gələn İŞİD-in 5 nömrəsi İsmayıl əl-İthavi həbs edilib.
Teleqraf.com xəbər verir ki, İraqda İŞİD-ə qarşı keçirilən əməliyyatlardan sonra Türkiyəyə qanunsuz keçən İsmayıl əl-İthavi Türkiyə və İraq xüsusi xidmət orqanlarının birgə əməkdaşlığı sayəsində tutulub. Məlumata görə, terrorçu fevralın 15-də İraqa təhvil verilib.
İsmayıl İthavi fevralın 6-da Türkiyədə saxlanılıb və 6 gün müddətinə sorğu-sual edilib. İŞİD lideri Bağdadinin ən yaxın adamlarından olan İsmayıl İthavi İŞİD-in İraqdakı din şurasının rəhbəri olub. O, bu vəzifədə edam və ölümlərlə bağlı fitvalar verib.
Bəlli olub ki, terrorçu İraqdan sonra Suriyada Rakka şəhərinə keçərək İŞİD-in mərkəzi qərargahında olub. Rakkaya qarşı əməliyyatlar başladıqdan sonra isə YPG-nin nəzarətindəki ərazilərdən keçərək qanunsuz yollarla Türkiyəyə daxil olub.
İsmayıl İthavi İraq Daxili İşlər Nazirliyinə təslim edildikdən sonra Bağdadda sorğu-sual edilib.
İddia edilir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşları da İsmayıl əl-İthavi sorğuya alıb və onun ABŞ-a aparılacağı gözlənilir.