ABŞ Prezidenti Donald Tramp hesab edir ki, sabiq ölkə başçısı Barak Obama seçkilərə "Rusiya müdaxiləsi" ittihamına görə cavab verməlidir.
Teleqraf.com xəbər verir ki, Tramp Tvitter hesabında Obama administrasiyasını seçki müdaxiləsinin qarşısını almamaqda ittiham edib: "Baş prokuror Ceff Seşşin bu məsələni bu günə qədər araşdırmalı idi. Sual. Əgər Rusiyanın seçkilərə müdaxiləsi Obama hakimiyyəti dönəmində və 20 yanvar tarixinə qədər davam edibsə nə üçün onlar istintaqa cəlb olunmayıb? Nə üçün Obama Rusiyanın seçkilərə müdaxiləsinin qarşısını almaq üçün bir şeylər etməyib? Nədən demokratların cinayətləri araşdırılmır"?
ABŞ-da 8 noyabr 2016-cı ildə keçirilən prezident seçkilərinə Moskvanın kiber hücumlarla müdaxilə etdiyi qeyd olunur. Bununla bağlı həm konqresdə, həm də xüsusi müstəntiq Robert Muller tərəfindən araşdırmalar aparılır. Muller qeyd olunan iş üzrə Rusiyanın 13 vətəndaşına qarşı "seçkilərə müdaxilə" üzrə cinayət işi başladıb.
Qeyd edək ki, rəsmi Moskva ABŞ-da keçirilmiş prezident seçkilərinə Rusiyanın müdaxiləsini dəfələrlə təkzib edib.