Amerikada silah lobbisinin güclü təşkilatlarından olan Beynəlxalq Silah Dərnəyinin (NRA) tanınmış üzvləri silah satışını azaltmaq niyyətini açıqlayan Prezident Donald Trampı xəyanətdə ittiham edib.
Teleqraf.com xəbər verir ki, dünən ABŞ Prezidenti Donald Tramp Demokrat və Respublikaçı senatorlarla görüşü zamanı bəyan edib ki, ölkədə silah satışına məhdudiyyətlər tətbiq etməyi planlayır. Tramp qeyd edib ki, silah satışı həyata keçirilən zamanı 18 deyil, 21 yaşdan yuxarı olan şəxslərə silah satılmalıdır, əqli problemləri olan şəxslərə satılan silahlar isə geri alınmalıdır. Tramp ayrıca AR-15 markalı yarıavtomat müasir silahların daha təsirli və güclü atəş açdığını nəzərə alaraq, onların satışdan yığışdırılmasını tələb edib. Prezident bir addım irəli gedərək bildirib ki, silah satılan şəxslərin keçmişi araşdırılmalı, satılan silahlar əvvəlcə geri alınmalı və bundan sonra faktın məhkəmədə mübahisələndirilməsi həyata keçirilməlidir: “Öncə silahları alaq, sonra məhkəmə proseslərinə başlamaq olar”.
Qeyd edək ki, NRA son prezident seçkilərində Trampın namizədliyini dəstəkləyib və onun seçilməsi üçün 30 milyon dollar xərcləyib. Hazırda NRA Trampın silah islahatlarına qarşı çıxır.
Artıq ABŞ-dakı silah lobbisi Prezident Trampın bu addımlarına reaksiya verməyə başlayıb.
NRA üzvü Joe Biggs Trampın məhkəmə qərarından əvvəl silahların geri alınması təklifini tənqid edib:
“Bu, həyatımda rast gəldiyim ən ağılsız təklifdir. Ümid edirəm ki, sadəcə, bir anlıq ağılsızlıqdır və biri prezidenti kənara çəkib “bu qədər ağılsız fikir söyləyərkən tərəfdarlarının yarısını itirdin” deyib. Həyatının tamamını sağda keçirirsən və hər zaman Demokratların silahları alacağını düşünürsən. Sonra da Prezident Tramp çıxıb “sizin silahlarınızı alacağıq və sonra məhkəmə bu işi araşdıracaq” deyir. Tramp bu istiqamətdə islahatlara israr edərsə, 2020-ci il seçkilərində başqa bir namizədə dəstək verəcəyik”.
NRA-nın digər nüfuzlu üzvü Dave Kopel isə Trampı xəyanətdə ittiham edib:
“NRA-nın 5 milyon üzvü var. Mən onların adından danışmıram. Amma üzvlərimizin böyük hissəsi Trampın sözlərindən şoka düşüb. Onun dediyi hər kəlmə xəyanətdir”.
NRA-nın mətbuat katibi Dana Loesç isə “Fox Nyus” kanalına deyib ki, söhbət məsum amerikalıları cəzalandırmaqdan və məhkəmə qərarı olmadan onların konstitusiya haqlarından mərhum edilməsindən gedir:
“NRA ilk növbədə məsum amerikalıların məhkəməyə müraciət etmək haqqını qoruyacaq. Məhkəmənin verəcəyi qərara hörmətlə yanaşılmalıdır”.
Bu arada bəlli olub ki, Donald Tramp respublikaçı senator Pat Tumi ilə Demokrat senator Joe Mancinin hazırladığı silah islahatı planı ilə əlaqədar olaraq “yaş məhdudiyyəti ilə bağlı hansı tədbir gördünüz” sualını verib. Tumi isə “Bir şey etmədik” deyə cavab verib. Bu zaman Tramp əsəbiləşərək, “Niyə yaş məhdudiyyəti ilə bağlı tədbir görmədiniz? Bilirsinizmi niyə? Çünki siz NRA-dan qorxursunuz” deyib”.