6 Mart 2018 09:00
1 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkman-Der Təşkilatının sabiq rəhbəri, iş adamı Məhmət Əli Öztürk fevralın ikinci on günlüyündə yoxa çıxıb.

Teleqraf.com xəbər verir ki, ailəsi iş adamını Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) agentlərinin oğurladığını ehtimal edir.

Məhmət Əli Öztürk Aralıq Dənizi İxracatçılar Birlikləri heyəti ilə qida sərgisində iştirak etmək məqsədilə Birləşmiş Ərəb Əmrliyinin (BƏƏ) Dubay şəhərinə gedib. Onu həyat yoldaşı müşayiət edib. Ancaq uzun müddətdir iş adamından xəbər tutmaq mümkün deyil.

Onu MKİ və ya BƏƏ-nin kəşfiyyat xidməti olan BAE-nin oğurladığı iddiaları var. Biznesmenin MKİ-nin Abu-Dabidəki ofisinə aparıldığı güman edilir.

Məhmət Əli Öztürk kimdir?

Suriya və İraqda humanitar yardım fəaliyyəti ilə tanınan Məhmət Əli Öztürk qaçqınlar arasında rəğbətlə qarşılanan şəxsdir. İş adamının xanımı E. Öztürk deyir ki, həyat yoldaşı bu vətənin aşiqidir:

“Suriya hadisələri baş verdikdən sonra insanlara yardım etmək haqqında düşünürdü. Əvvəl Mersinə gələn suriyalı qardaşlarımıza ərzaq yardımı göstərdi. Daha sonra Bayır Bucaq Türkman Dağı Təşkilatını qurdu. İdlib, Hələb, Hama, Humus, Türkman dağı, Kərkük, Mosulda oldu, Afrikada getmədiyi yer qalmamışdı.

Sonra onun qurduğu təşkilatın fəaliyyətini dayandırdılar. Buna baxmayaraq, Öztürk insanlara qida, paltar yardımı göstərməkdə davam edirdi. Topladığı yardımları Qızıl Ay və digər humanitar təşkilatlar vasitəsilə Suriyaya keçirir, insanlara çatdırırdı.

“Fərat Qalxanı” əməliyyatı və “Zeytun budağı” hərəkatına hər cür dəstəyini ifadə edirdi. Birləşmiş Ərəb Əmirliyinin ABŞ-la əlaqələri və yaxınlığı məlumdur. Amerikanın PKK/PYD terror təşkilatına verdiyi dəstək də sirr deyil. Hesab edirəm ki, Məhmət Əli Öztürkün həbsi və oğurlanması səbəbləri bunlardır”.

Qeyd edək ki, iş adamı Dubayda qida sərgisinə xanımı E. Öztürk ilə birgə gedib. Xanımı deyir ki, onlar Dubayda oteldə qalıblar:

“Fevralın 20-də saat 09:00-da oteldə səhər yeməyi yeyərkən kimliyini bilmədiyimiz 8-10 nəfər bizə yaxınlaşdı. Bizi otağımıza apardılar, qaldığımız nömrənin harada olduğunu belə bilirdilər. Tez əşyalarımızı topladıq. “Bu nədir, siz kimsiniz”, - deyə sual verdim. Onlar isə “bizə suallar verməyin” dedilər. Liftlə aşağı endik. Aşağıda bizi daha 10 nəfər gözləyirdi. Otelin çıxışında başqa bir qrup da vardı. Bizi ağ rəngli avtomobilə mindirdilər. Hamısı mülki paltarda idi, əllərində silah yox idi.

Əllərimizi və gözlərimizi bağlayaraq bizi tanımadığımız yerə apardılar. Avtomobillə təxminən bir saat yol getdik. Mən narazılıq etdiyim üçün maşında gözlərimi açdılar. Çöllük bir yolla gedirdik. Düşündüm ki, bizi öldürməyə aparırlar. Sonra gözümü yenidən bağladılar. Bir müddət sonra avtomobil dayandı və bizi düşürdülər.

Gözlərimizi açanda bir otaqda olduğumuzu gördüm. Otaqda bir stul, 3 nəfər vardı. Bizi tutub bura gətirən qrupları daha görmədik. Burada pasportlarımızı alıb surətini çıxardılar, fotolarımızı çəkdilər”.

Ərimi sonuncu dəfə orda gördüm

E. Öztürk deyib ki, onu həyat yoldaşından ayıraraq başqa otaqda saxlayıblar: “Kiçik bir otaq idi. Arada gəlib mənə nəzarət edirdilər. Gecə gəlib dedilər ki, səni səhər hava limanına aparacağıq. Səhər saat 06:30-da məni götürdülər. Yenə gözlərimi və əllərimi bağladılar. Bir saatlıq yol gəldikdən sonra əllərimi və gözlərimi açdılar. Artıq hava limanında idim. Məni orada tanımadığım şəxslərə təhvil verdilər. Onlar da mənim sənədlərimlə bağlı prosedurları həyata keçirdilər. Təyyarəyə 20 metr qaldıqda məni buraxdılar və dedilər ki, mobil telefonumu təyyarədə mənə verəcəklər. Mən də təyyarəyə minərək Türkiyəyə qayıtdım. Həyat yoldaşımı da son dəfə saxlanıldığımız yerdə bizim fotolarımızı çəkəndə gördüm”.

Biznesmenin xanımı deyib ki, onları həbs edən şəxslərin BƏƏ-nin, yoxsa başqa bir dövlətin nümayəndələri olduğunu bilmir: “Bizimlə insan kimi davranmadılar. Düzdür, məni bir gün saxlayıb azad etdilər. Ancaq ərimlə bağlı mənə heç nə demədilər”.

Cavad


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər