Yunanıstanın baş naziri Aleksis Çipras Türkiyədə saxlanılan iki yunan hərbçinin məhkəmə prosesinin sürətləndirilməsi və qısa müddətdə Yunanıstana qaytarılması üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşdən kömək istəyib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Quterreşə zəng edən Aleksis Çipras Türkiyə-Yunanıstan əlaqələrindəki problemlərdən də bəhs edib.
Aleksis Çipras Nazirlər Kabinetinin iclasındakı çıxışında bildirib ki, yunan hərbçilərlə bağlı məsələdə Yunanıstan hökuməti son dərəcədə diqqətli olmalıdır: “Sərhəd pozuntu kimi sadə bir hadisənin diplomatik böhrana çevrilməməsi üçün xüsusi diqqət göstərilməlidir”.
Toplantıda bu hadisənin Türkiyə tərəfindən başqa məqsədlər üçün istifadə ediləcəyinə dair ehtimal olduğu və bunun ikitərəfli əlaqələri pozacağı ilə bağlı narahatlıq ifadə edilib. Eyni zamanda vurğulanıb ki, Türkiyədəki məhkəmə prosesinə hörmət olunur, Yunanıstan hökumətinin Türkiyə məhkəməsinə müdaxilə etdiyi barədə təəssürat yaradılmamasına diqqət göstərilməlidir. Sonda yunan hərbçiləri barədə veriləcək son qərarın gözlənildiyi bildirilib.
Baş nazirin istintaq prosesi başa çatandan sonra lazım gələrsə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binalı Yıldırıma zəng edəcəyi vurğulanıb.