BBC rus xidmətinin müxbiri Fəridə Rüstəmova Liberal-Demokrat Partiyasından (LDP) millət vəkili Leonid Slutskinin seksual xarakterli təcavüzünə məruz qalıb. Teleqraf.com xəbər verir ki, bu barədə F.Rüstəmova BBC-yə açıqlamasında bildirib.
Qeyd edək ki, son iki həftə ərzində iki jurnalist qadın - RTVI telekanalı baş redaktorunun müavini Yekaterina Kotrikadze və Dojd telekanalının prodüseri Darya Juk Leonid Slutskinin təcavüzünə məruz qaldıqlarını bildiriblər.
2017-cin il martın 24-də BBC Rus xidmətinin müxbiri Fəridə Rüstəmova Fransa prezidentliyinə namizəd Marine Le Penin Rusiyaya planlaşdırılan səfəri barədə şərh almaq məqsədilə LDP-dən olan deputat Leonid Slutskinin ikonalarla bəzədilmiş kabinetinə gəlib.
Rüstəmova kabinetə deputatın mətbuatla əlaqələr üzrə köməkçisi Diana Rudakova ilə birlikdə daxil olub.
Köməkçi otaqdan çıxıqdan sonra Rüstəmova deputatla təkbətək qalıb.
Müsahibədən sonra Slutski gözlənilmədən mövzunu dəyişib və jurnalistə "dovşancıq, bəlkə BBC-ni buraxasan? Mən səni bir yerə götürərəm", deyə bildirib.
Rüstəmova təklifdən imtina edib və deputatdan BBC-də işləməyinin müsahibə üçün hansısa problem yaratdığını soruşub.
"Yox, çünki sən məndən qaçırsan, öpüşmək istəmirsən, mən də səndən incimişəm" - deyib deputat.
- Leonid Eduardoviç, mənim sevgilim var...
- At da onu.
- İstəmirəm.
- Niyə?
- Ona ərə getmək istəyirəm.
- Əla, onun arvadı olarsan, mənim də məşuqəm.
Rüstəmova bundan sonra da Le Pen haqqında bir neçə sual versə də, ağıllı-başlı cavab ala bilməyib. Daha sonra deputat ayağa qalxaraq ona yaxınlaşıb: "Yaxşı, dovşan, kefin olanda görün, səninçün darıxmışam". Jurnalist xatırlayır ki, siyasətçi qəfildən ona yaxınlaşıb və "əlinin içi ilə onun məhrəm yerinə toxunub".
Müxbir qadın bu anda geri sıçrayıb.
Rüstəmova qeyd edir ki, deputatın bu hərəkətindən şoka düşüb və süst qalıb: "Mən nə baş verdiyini anlamırdım. Bu çox kəskin hərəkət idi. Dilim topuq çalırdı, iflic olmuşdum. Mən mızıldandım ki, "daha sizin yanınıza gəlməyəcəyəm, siz əl-qol atırsınız..."
Fəridə Rüstəmova "müsahibinin" bütün danışığını diktafona yazıb
BBC baş verənlərlə bağlı bəyanat yayıb. "BBC öz jurnalistlərinin təhlükəsizliyi və durumuna ciddi yanaşır və iddia olunan qısnamalarla bağlı onlara dəstək verir. Bu insidentlə bağlı biz Fəridənin arzusuna uyğun şəkildə hərəkət etmişik", deyə bəyanatda qeyd olunur.
Slutski mətbuata açıqlamasında bildirib ki, baş verənlər sifarişdir: "Məqsədi məni nüfuzdan salmaqdır, amma bunun əksi baş verir".