Çin hökuməti ABŞ Prezidenti Donald Trampın idxal edilən metal mallara vergi rüsumu tətbiq etməsinə sərt reaksiya verib.
Teleqraf.com xəbər verir ki, Çin ABŞ Prezidenti Donald Trampa polad və alimünumun idxalına əlavə olaraq 25 faiz gömrük rüsumu tətbiq edilməsinin ticarət müharibəsinə səbəb olacağı haqda xəbərdarlıq edib.
Çinin xarici işlər naziri Vang Yi deyib ki, ticarət müharibəsindən heç kim qazanmayacaq: “Bu çox səhv addımdır. Ticarət savaşına sövqetmə yanlış yoldur”.
Sonda nəticənin çox pis ola biləcəyini xatırladan Çinin xarici işlər naziri əlavə edib ki, təmsil etdiyi ölkədə qoruyucu gömrük vergisi tətbiq etməyə hazırdır: “Çin bu tədbirlərə haqlı və lazımı qarşılıq verəcək”.
Qeyd edək ki, Avropada Donald Trampın bu qərarına qarşı çıxır. Avropa Birliyi ticarət müharibəsi istəmədiklərini, lakin ABŞ-ın bu tədbirlərini qarşılıqsız buraxmayacağını bəyan edib.