Türkiyə və ABŞ arasında Suriyanın Münbiç şəhəri və Fərat çayının şərqində hərbi əməliyyatların aparılması məsələləri müzakirə edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniya mətbuatına açıqlamasında bildirib.
Martın 19-da ABŞ xarici işlər naziri ilə görüşəcəyini bildirən Çavuşoğlu qeyd edib ki, ABŞ-la Münbiç və Fəratın şərqi ilə bağlı razılıq əldə edilib.
Çavuşoğlu bildirib ki, əməliyyatın çətin dövrü arxada qalıb: "Afrinin mərkəzinə çatmışıq. Münbiç və Fıratın şərqilə bağlı ABŞ xarici işlər naziri Reks Tillersonla müzakirə aparmışıq və razılıq əldə olunub. İşçi qrupları yaradılıb".
Çavuşoğlu ABŞ-ın terror təşkilatlarına dəstək verməkdən imtina edəcəyinə ümid bəslədiklərini bildirib.
"Türkiyənin NATO üzvlüyü təhlükədədirmi" sualına cavab olaraq Çavuşoğlu qeyd edib ki, heç kəs Türkiyəni NATO-dan çıxara bilməz: "ABŞ və Avropa Birliyi Türkiyənin bərabərhüquqlu ortaq olduğunu anlamalıdırlar".