14 Mart 08:57

08:40

Məşhur ingilis fizik, astronom və nəzəriyyəçi Stiven Hokinq bu gün 76 yaşında dünyasını dəyişib.

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadla xəbər verir ki, o, Kembricdəki evində keçinib.

Stiven Hokinq 1942-ci ildə Oksfordda anadan olub. 1962-ci ildə Oksford Universitetini bitirib və nəzəri fizika ilə məşğul olmağa başlayıb.

Elə həmin dövrdə Hokinqdə sonralar iflicə səbəb olacaq Yan amiotrofik sklerozun ilkin əlamətləri özünü büruzə verir. 1965-ci ildə Ceyn Vayldla evlənir, bir qız və iki oğlan atası olur. 1974-cü ildə Hokinq London Kral Cəmiyyətinin üzvü seçilir. 1985-ci ildə boğazından keçirdiyi əməliyyatdan sonra danışıq qabiliyyətini itirir.

Həmin dövrdən bəri fizik ətrafdakı insanlarla dostlarının ona bağışladığı əlil arabasına quraşdırılmış nitq sintezatoru vasitəsi ilə ünsiyyət saxlayır. O, sintezatora əmrləri öz hərəkət qabiliyyətini saxlamış sağ əlinin şəhadət barmağı vasitəsi ilə verir.

Ağır xəstəliyə baxmayaraq, Hokinq aktiv həyat tərzi sürür, 2007-ci ildə o, hətta xüsusi hazırlanmış kostyumda çəkisizlik şəraitində uçuş da həyata keçirib.

Bundan əlavə, Hokinq bir neçə dəfə "Simpsonlar" və "Futurama" kimi multiseriallarda öz rollarını səsləndirib.

Stiven Hokinq üç əsr əvvəl İsaak Nyutonun tutduğu "Lukasian" professorluğu vəzifəsini tutub.

Hokinqin əsas tədqiqat sahəsi kosmologiya və kvant qravitasiyası ilə əlaqədar olub. Əsas nailiyyətləri:

- "qara dəliklər"in təsvirində termodinamikanın tədbiqi;

- sübut edib ki, "qara dəliklər" Hokinq şüalanması kimi tanınan proses nəticəsində "buxarlanırlar";

- 21 iyul 2004–cü ildə "qara dəlik"də informasiyanın yoxa çıxması paradoksunun həllinə dair öz fikrini irəli sürür.

Yer kürəsinin və kainatın yaranması və Böyük Partlayış anından bugünkü günə qədər keçdiyi inkişaf yolu ilə bağlı ən məntiqi model məhz Hokinqə məxsusdur. O, həmçinin "qara dəliklər"in araşdırılması ilə bağlı bir sıra kəşflərə imza atıb. Hokinq haqqında astronomiya, "qara dəliklər" nəzəriyyəsi, kosmologiya və Enşteyndən sonrakı dövrdə cazibə anlayışlarına ən çox töhfə etmiş alim kimi söz açılır.

Hokinq nəzəriyyəsi

Bu nəzəriyyənin tərəfdarlarının fikirlərinə görə, kainat genişlənməkdə davam edir. Nəzəriyyənin əsas tərəfdarlarından biri olan Hokinq idi. O, tarixən mövcud olan Böyük partlayış nəzəriyyəsini daha da inkişaf etdirib. Onun fikrinə görə, "dəliklər" əbədi deyil və onlar "buxarlanma" qabiliyyətinə malikdir. Özündən əvvəlki bir çox kosmoloqlar kimi o da iddia edir ki, digər qalaktikalar bizdən uzaqlaşır və kainat genişlənir.

Yadplanetlilər

Stiven Honkinq yadplanetlilərin mövcud olduğunu söyləyib. Onun fikrincə, kainatda milyonlarla qalaktika və qalaktikada milyardlarla ulduz var. Bu qədər səma cisimləri arasında yalnız Yerdə həyatın mövcud olmasının ehtimalı çox azdır. Lakin o, yadplanetlərin Yerə gəlməsinin bəşəriyyət üçün yaxşı nəticə verməyəcəyinə də əmin olub.

Elmi məşhurlaşdırması

Hokinq dünyada elmin məşhurlaşdırılmasında fəal iştirak edib. 1988-ci ilin aprelində işıq üzü görən "Zamanın qısa tarixi" adlı kitabı tezliklə alimə dünya şöhrəti gətirib. O, giriş hissədə yazırdı:

"Mənə dedilər ki, kitaba salacağım hər bir düstur alıcıların sayını iki dəfə azaldacaq. Onda mən ümumiyyətlə düstursuz keçinməyə qərar verdim. Düzdür, hər halda bir düstüru – Eynşteynin məşhur E=mc² düsturunu yazmalı oldum".

Bir qədər sonra "Qara dəliklər və yeni kainatlar"(1993), "Dünya iki kəlmə ilə" (2001) kitabları nəşr olunub. 2005-ci ildə "Zamanın qısa tarixi" kitabının yeni nəşri - "Zamanın ən qısa tarixi" işıq üzü görüb.


Müəllif: Samir
Загрузка...