ABŞ-da minlərlə tələbə silah əleyhinə etiraz olaraq küçələrə çıxıb.
Teleqraf.com xəbər verir ki, ölkənin Vaşinqton, Nyu York, Çikaqo kimi iri şəhərlərində etirazlara qoşulan insanlar Trampdan silah əldə etmək barədə qanuna dəyişiklik etməsini tələb ediblər.
Ağ Evin qarşısında aksiya keçirən tələbələr Konqres binasına doğru yürüş ediblər. Etirazçılara demokratların məşhur nümayəndələri - Bernie Sanders və Çuk Şumer qatılıblar.
Sanders ABŞ-da silah qanunlarının yenidən işlənməsini, xüsusilə də, şəxsi silahlanma əleyhinə ciddi tədbirlərin görülməsini vacib sayıb.
Keçirilən aksiyalarda "Artıq bəsdir!", "Bu gün neçə uşaq öldürdün?" kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, bu il fevralın 15-də ABŞ-ın Florida əyalətində 19 yaşlı Nikolas Kruz Stoneman Duqlas Liseyində 17 nəfəri güllələyərək qətlə yetirib. Bu hadisədən sonra ölkədə şəxsi silahlanmanın məhdudlaşdırılması yenidən gündəmə gəlib.