ABŞ hökuməti Rusiya Federasiyasına qarşı sanksiyaları genişləndirib.
Teleqraf.com xəbər verir ki, yeni sanksiya siyahısı ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilib. Sanksiya siyahısına ABŞ-da 2016-cı ilk prezident seçkilərinə müdaxilədə ittiham olunan 19 fiziki şəxs və bir təşkilat əlavə olunub.
Sanksiyaya məruz qalan qurum "trol fabriki" kimi tanınan Rusiya İnternet Tədqiqatları Agentliyidir. Fiziki şəxslər isə "trol fabriki"ni kurasiya edən iş adamı Yevgeni Priqojin və xüsusi prokuror Robert Müller tərəfindən seçkilərə müdaxilədə ittiham edilən 13 Rusiya vətəndaşıdır. Onların arasında azərbaycanlı Ceyhun Aslanov da var.
27 yaşlı Azərbaycan əsilli Ceyhun Nəsimi oğlu Aslanov (Cey Aslanov) Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə məqsədilə yaratdığı “Trol Fabriki”nin ABŞ bölməsinə rəhbərlik etməkdə ittiham olunur. İddiaya görə, “Trol Fabriki” sosial şəbəkələrdə prezident seçkiləri ərəfəsində Hillari Klintona qarşı kampaniya aparıb, Trampa dəstək verib.
Aslanov Sankt-Peterburqa 2000-ci illərin sonunda İrkutsk vilayətindən gəlib, Hidrometerolgiya İnstitutunda iqtisadçı ixtisası üzrə təhsil alıb. Təhsil müddətində bir neçə ay ABŞ-da yaşayıb, Londonda olub. Aslanov “trollar fabriki” ilə hər hansı əlaqəsini inkar edib.