Martın 18-də Rusiyada keçirilən prezident seçkilərində namizəd kimi iştirak etmiş Vladimir Putin karyerası ərzində rekord sayda səs toplayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının məlumatında qeyd edilir.
Məlumata görə, seçki bülletenlərinin 99 faizinin hesablanmasından sonra Putin 76,6 faiz səs toplayıb. Seçkilərdə onu 49,9 milyon seçici dəstəkləyib.
2000-ci ilin prezident seçkilərində Putin 39,7 milyon səs toplayıb. Bu, seçicilərin 52,9 faizinin səsi olub. 2004-cü ildə isə Putin 49,6 milyon – 71,31 faiz səs yığıb. Növbəti seçkilərdə - 2012-ci ildə bu rəqəm 45,6 milyon nəfər, yaxud 63,6 faiz seçici səsi təşkil edib.