ABŞ prezidenti Donald Tramp Konqresin təsdiqlədiyi 1,3 trilyon dollarlıq büdcə layihəsinə veto qoyaraq federal hökumətin fəaliyyətini müvəqqəti olaraq dondura bilər.
Teleqraf.com xəbər verir ki, Tramp Tvitter hesabındakı qeydində büdcədə qaçqınlar və milli təhlükəsizliklə bağlı müddəaların öz əksini tapmadığını vurğulayaraq sənədə veto qoymaq barədə düşündüyünü bildirib.
"Büdcə sənədində uşaq yaşlarında qanunsuz yollarla ABŞ-a gətirilmiş gənclərin müdafiəsinə (DACA) proqramına dair heç bir maddə əksini tapmayıb. 800 mindən çox olan DACA qaçqınları Demokratlar tərəfindən müdafiəsiz buraxılıb. Milli təhlükəsizliyimiz üçün vacib olan sərhəd divarı layihəsi də büdcədə dəstəklənməyib. Ona görə də bu büdcəni veto etməyi düşünürəm”.
Tramp büdcəyə veto qoyarsa Federal hökumətin fəaliyyəti dondurulmuş olacaq. 2018-ci ildə ABŞ-da büdcə böhranı üzündən Federal hökumətin fəaliyyəti iki dəfə dondurulub.