2018.03.26 17:20
ABŞ "Skripal işi" ilə əlaqədar 60 rus diplomatını ölkədən çıxaracaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla əlaqədar ABŞ Prezidenti Donald Tramp qərar qəbul edib.
Qərar Fransa, Almaniya və İngiltərə ilə koordinasiyalı şəkildə qəbul edilib.
ABŞ-dan çıxarılacaq 60 diplomatdan 48-i Rusiyanın Vaşinqton səfirliyinin, qalanları isə Nyu Yorkdakı BMT missiyasının nümayəndələridir. Bundan başqa, Rusiyanın Sietldəki konsulluğu martın 30-da bağlanacaq.
ABŞ-la yanaşı, 14 Avropa ölkəsinin də oxşar qərar qəbul etdiyi bildirilib.
Xatırladaq ki, martın 4-də Böyük Britaniyanın cənubundakı Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliyaya əsəb-iflic qazı vasitəsilə hücum edilib. Onlar şəhərdə huşsuz vəziyyətdə tapılaraq, xəstəxanaya çatdırılıblar.
Hadisə ilə əlaqədar Rusiyanın Britaniyadakı 23 diplomatının ölkədən çıxarılması barədə qərar qəbul edilib.
***
2018.03.26 17:45
Almaniya Xarici İşlər Nazirliyi "Skripal işi" ilə əlaqədar 4 rus diplomatın ölkədən çıxarılacağını açıqlayıb.
Ukrayna 13, Litva 3, Latviya 1, Finlandiya 1, Rumıniya 1, Xorvatiya 1, Çexiya 3, İtaliya 2, Fransa isə 4 rusiyalı diplomatı ölkədən çıxaracaq.
İngiltərə Rusiya ilə əlaqədar yeni qərar qəbul edib. Qərara əsasən, İngiltərədəki rus diplomatlara məxsus bütün əmlaklara həbs qoyulub.
Analoji qərar Kanadadan da gəlib. Kanada 4 rus diplomatın ölkədən çıxmasını istəyib.
***
2018.03.26 18:01
Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-ın 60 rus diplomatı ölkədən çıxması qərarına münasibət bildirib.
Onun sözlərinə görə, ABŞ ikitərəfli əlaqələri tamamilə yerlə bir edib.
Rusiya Xarici İşlər Nazirliyindəki mənbə 16 ölkənin rus diplomatları ilə bağlı qərarına Moskvanın yaxın günlərdə qarşılıq verəcəyini açıqlayıb.
***
10:23
"Skripal işi" ilə əlaqədar daha bir neçə ölkə rus diplomatları ölkədən çıxarmaqla bağlı qərar qəbul edib.
Belə ki, Avstraliya 2, Makedoniya 1, Macarıstan 1, İspaniya 2, Albaniya 2, Norveç 1, İsveç 1, Hollandiya 2, Danimarka 2 və Estoniya 1 rus diplomatın ölkədən çıxarılmasını istəyib.
Bununla da, Rusiyaya qarşı analoji addım atan ölkələrin sayı 24-ə çatıb. Bu məsələyə gün ərzində bir neçə ölkənin də qoşulacağı bildirilib.
***
"Skripal işi" ilə əlaqədar İrlandiya da Böyük Britaniyaya dəstək verib.
Bu məqsədlə İrlandiya hökuməti bir rusiyalı diplomatın ölkəni tərk etməsi ilə bağlı qərar qəbul edib.
İrlandiyadan fərqli olaraq, İsrail, Avstriya və Yeni Zelaniya bu addımı atmayacaqlarını bəyan edib.
Londona edilən dəstəklə əlaqədar Böyük Britaniyanın Xarici İşlər naziri Boris Conson 24 ölkəyə təşəkkür məktubu göndərib.