Roma Papasının dilindən "cəhənnəm yoxdur" ifadəsini yayan İtaliyanın ən böyük qəzetlərindən olan "La Respublika" ətrafında qalmaqal davam edir.
Teleqraf.com xəbər verir ki, qəzetin təsisçisi Eugenio Skalfarinin imzası ilə qələmə alınan yazıda Papanın dilindən "Cəhənnəm yoxdur, günahkar ruhların yox olması var" sözləri birmənalı qarşılanmayıb.
Vatikan rəsmi açıqlamasında Skalfarinin Papanın adından uydurmalara yol verdiyini bildirib. 93 yaşlı təsisçi isə Papa ilə şəxsi görüşündə onun dilindən "cəhənnəm yoxdur" ifadəsini eşitdiyini bəyan edib.
Qəzetin əməkdaşı Piergiorgio Odifreddi isə "La Respublika"dakı yazısında təsisçini saxta xəbər yaymaqda ittiham edib: "Skalfari sistematik olaraq bu cür saxta xəbərlər istehsal edir".
Bu yazıdan sonra "La Respublika" qəzeti 18 illik yazarı ilə yollarını ayırıb. Odifreddi tvitterdə işdən qovulduğunu açıqlayıb: "Bəlkə də qəbahət məndədir. Susmağın daha yaxşı və faydalı olduğu dönəmlərdə danışmağım ən böyük səhvimdir".
"La Respublika"nın direktoru Mario Kalabresi isə bildirib ki, Odifreddi Skalfarini tənqid etdiyi üçün deyil, qəzet haqqında yazdıqları üzündən işdən kənarlaşdırılıb.
Tvitter istifadəçiləri "La Respublika"nı həm Papanın adından saxta xəbər yaydığı, həm də Odifreddi ilə bağlı sərt qərar qəbul etdiyi üçün qınayıblar.