6 Aprel 2018 12:28
4 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq rus casusu Sergey Skripal və qızı Yuliyanın İngiltərədə kimyəvi hücum nəticəsində zəhərlənməsi ilə bağlı bir çox məsələlər hələ də qaranlıq qalır. Ancaq demək olar ki, hər gün bu məsələ ilə bağlı yeni faktlar üzə çıxır.

Bu faktlardan biri “Skripal işi”ndə ABŞ Prezidenti Donald Trampın adının hallanması ilə bağlıdır.

Məlumatlara görə, Sergey Skripal ABŞ-ın gizli kəşfiyyat xidmətinin sabiq əməkdaşı Kristofer Stil ilə yaxın əlaqədə olub. Stil isə Trampın Rusiya ilə əlaqələrinin araşdırılması məsələsində əsas simalardan biridir. Onun açıqlamasından sonra ABŞ-da istintaqın aparılmasının vacibliyi gündəmə gəlib.

Britaniyanın “Teleqraf” nəşri isə Skripalın bu ilin yazında Trampın Rusiya ilə əlaqələrinin araşdırılması ilə bağlı istintaq çərçivəsində ifadə verməli olduğunu yazıb.

“Deyli Meyl” qəzeti də bu məsələni əsas götürərək, “Skripal işi”ndə Trampın əlinin olduğunu iddia edib. İddialara görə, Tramp bununla Stildən intiqam almaq qərarına gəlib.

Qəzet yazır ki, Britaniya tərəfi bu işi fərqli formada inkişaf etdirə bilərdi. Məsələn, London iddia edə bilərdi ki, Rusiya bu addımı Skripalın məlum məsələ ilə bağlı istintaqa ifadə verməsinin qarşısını almaq üçün atıb. Moskva bununla Trampın Rusiya ilə əlaqələrinin üzə çıxmağının qarşını alacağını düşünüb. Ancaq bu plan Trampa zərbə ola bilərdi. Bu planın açıqlanmasından sonra ya Trampa qarşı impiçment elan ediləcəkdi, ya da ki ABŞ-da ciddi daxili problemlər yaşanacaqdı.

Bütün bunları nəzərə alan London hökuməti məsələdə ancaq Rusiyanın məsuliyyət daşıdığını açıqlayıb.

Qeyd edək ki, martın 4-də sabiq rus casusu Sergey Skripal və qızı Yuliya İngiltərədə hücuma məruz qalıb. Kimyəvi hücum nəticəsində həmin şəxslər iflic olub.

Britaniya bu hücuma görə məsuliyyəti Rusiyanın üzərinə atıb və 23 rus diplomatı ölkədən çıxarıb. Rusiya Londonun6 bu addımına analoji cavab verib.

Martın 26-sı isə ABŞ və bir sıra Avropa Birliyi ölkələri Londona dəstək məqsədilə rus diplomatların ölkədən çıxarılmasına qərar verib. Beləliklə, Rusiyaya qayıdacaq diplomatların ümumi sayı 151 nəfər çatıb.


Müəllif: Samir İsayev

Oxşar xəbərlər