6 Aprel 2018 20:46
1 859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın qadınların azadlığı ilə bağlı verdiyi qərarlar ölkədə birmənalı qarşılanmır. Məhəmməd ibn Salman son olaraq çadra ilə bağlı fikirlərini söyləyib. O bildirib ki, qadınlar çadra geyinib-geyinməməklə bağlı özləri qərar qəbul etməlidir.

Bundan öncə, Səudiyyədə qadınlara velosiped və avtomobil sürmək icazəsi də verilib. Ancaq bu ölkədə hələ də qadınlar ərlərinin icazəsi olmadan səyahət edə və öz istəkləri əsasında ərə gedə bilmirlər.

Məkkədən olan tələbə, feminist-blogger Fatimə əl-İsanın sözlərinə görə, bu ölkədə qadınların nə düşündüyü heç kəsə maraqlı deyil:

“Ölkədə əsas problem ondan ibarətdir ki, hökumət ailədaxili məsələlərə qarışmır və qohumuna, yaxınına etiraz edənləri müdafiə eləmir. Ona görə də, şahzadənin dediyi indi yalnız söz olaraq qalır. Kişilər öz həyat yoldaşlarını çadra geyinməyə məcbur edirlər. Mən və rəfiqələrim rəngarəng paltar geyinmək istəyirik. Ancaq qorxumuzdan səsimizi çıxara bilmirik”.

Səudiyyəli xanımlar hətta həbsxananı əri və ya digər kişi qohumunun icazəsi olmadan tərk edə bilməzlər.

Qəyyum həmişə haqlıdır

Bu ölkədə ictimai quruluşa uyğun olaraq hər bir qadının qəyyumu var. Qəyyumlar ata, qardaş, ər və ya oğuldan ibarət olur. Qadın barəsində bütün lazımı qərarları onlar qəbul edirlər. Qəyyumların icazəsi olmadan qadınlar təhsil ala, səfər edə və otaq kirayələyə bilməzlər.

Fatimə əl-İsa bunu əsl bəla adlandırır:

“Kişilərin qadınlara qul münasibəti var. Qanun da buna göz yumur. Səudiyyəli qız təhsil almaq, işləmək və ya harasa səfər etmək istəyirsə, mütləq qəyyumlarından icazə almalıdır.

Ən böyük problemlərdən biri də ailə zorakılığıdır. Səudiyyədə kitab mağazalarında qadınları necə döyməyi öyrədən kitablar satılır. Burada qadınlar müdafiə edilmir. Həbsxanadan çıxan qadın qəyyumunun yanına qayıtmalıdır. O, azad həyat sürə bilməz.

Bir müddət öncə xəstəxanaya vəhşicəsinə döyülmüş qızı gətirmişdilər. Həmin qızı xəstəxanadan əri çıxardı. Qızın valideynləri isə bununla bağlı heç bir yerə şikayət etmədi. Əgər onlar şikayət etsələr, onda həmin ailə rüsvay edilmiş hesab olunur”.

Səudiyyədə tanınmış vəkil və fəal Sua əş-Şammari qəyyumluq haqlarının ləğvini təklif etmişdi. O bu təklifinə görə həbs olundu. Vəkilə qarşı İslamın təhqir edilməsi ittihamı irəli sürüldü. O, hələ də iş tapa bilmir və ailəsi təzyiqlərə məruz qalır:

“Mənim düşmənlərim məni ləkələmək istəyirdilər. Mən onlarla daim savaşdayam. Həbsxanadan çıxandan sonra iş tapa bilmirəm. Məni qara siyahıya salıblar”.

Hüquq müdafiəçisinin fikrincə, islahat tərəfdarı olan Məhəmməd ibn Salmanı Allah göndərib.

Mən bunu fəxrlə deyirəm

Səudiyyənin Əl-Namas şəhərinin sakini Xuda əş-Şaxri isə çadraya qarşı çıxanlara səslənib:

“Mən çadranı fəxrlə geyinirəm. Fikrimcə, çadra müxtəlif rəngdə ola bilər. Amma onu geyinmək vacibdir. O, qadının örtünməsinə kömək edir. Övladlarımı və nəvələrimi də belə tərbiyə etmişəm. Adətlərimiz bizə ziyan gətirmir. Adət-ənənələrimizdən fəxrlə danışıram”.

Qərbdə vəhhabilərin imicini yaxşıladırmaq

“Şahzadənin bəyanatı onun fikirlərinin ifadəsidir. Söhbət hökumətin hansısa qanunundan getmir. Bu, sadəcə mövqedir”.

Bu sözləri Səudiyyənin İslam işləri üzrə nazirinin müşaviri Məcid ət-Türki deyib:

“Yeri gəlmişkən, bu mövqe mübahisəlidir. İndi Səudiyyə cəmiyyətində bu mövzuda müxtəlif səviyyələrdə ciddi diskussiyalar aparılır. Bəzi aktivistlər bu fikirlərin qəbul olunmasına çalışırlar. Ancaq onlar cəmiyyətdə heç bir hissəyə sahib deyillər. Ümumiyyətlə, onların çoxu ölkə sərhədlərindən xaricdə yaşayırlar”.

Ekspertlərin sözlərinə görə, Məhəmməd ibn Salman bu islahatları ilə Avropa və ABŞ-dakı dostlarını artırmağa çalışır. O, yaxşı başa düşür ki, bununla yeni ticarət ortaqları tapmaq və vəhhabilərin Qərbdəki imicini yaxşılaşdırmaq mümkündür.


Müəllif: Samir İsayev

Oxşar xəbərlər