9 Aprel 2018 17:57
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

2011-ci ildən başlayan daxili müharibə nəticəsində 5 milyondan çox insan Suriyanı tərk edib. Onların böyük hissəsi – 3,5 milyonu Türkiyədə, 1 milyonu isə Livanda yerləşib. 1 milyona yaxın miqrant isə Almaniyaya və digər Avropa ölkələrinə keçib.

Bəs onların doğma yurdlarına qayıtması üçün müharibənin bitməsindən başqa nə lazımdır? Bununla bağlı “Karnegi” nəşri 320 miqrant arasında sorğu keçirib. Sorğunun nəticələri belədir:

1. Uşaqlar üçün təhlükəsizlik

Bu, əsas şərtlərdən biridir. Çünki daimi köç zamanı ən çox əzəb çəkənlər azyaşlılar olur. Sorğuda iştirak edən respondentlərin əksər hissəsi Suriyaya qayıdacaqları və müharibənin yenidən başlayacağı təqdirdə övladlarının zərər görəcəyindən qorxurlar.

Məlumatlara görə, 7 ildir davam edən müharibədə 14 mindən çox uşaq öldürülüb.

2. Çağırışın dayandırılması

Kiçik miqrantlar kimi Suriyadan qaçan yeniyetmə və gənclər də bu ölkəyə qayıtmaqdan çəkinirlər. Çünki hazırda Suriyadan qaçan insanları satqın adlandırırlar. Onlar ölkəyə qayıtdıqda isə fərarilik ittihamı ilə qarşılaşırlar. Suriyada 18 yaşına çatmış şəxslərin hərbi qulluq keçməsi mütləqdir. Buna görə də onlar Suriyaya qayıdan kimi orduda xidmətə cəlb ediləcək. Daha sonra isə hakim qarşısına çıxarılacaq.

Miqrantların əksəriyyəti bununla bağlı suala belə cavab verib:

“Ölkədə xidmət aparmağa hazıram, ancaq öz həmvətənlərimi öldürmək istəmirəm”.

3. Qayıtmaq üçün evlər vacibdir

Suriyaya qayıtmaq istəyən miqrantların qalacaq yeri yoxdur. Bir çox yaşayış yerləri müharibə nəticəsində dağıdılıb. Dünya Bankının hesabatında Suriyada evlərin 30 faizinin dağıdıldığı deyilir.

4. Təhlükəsizlik və mühafizə

İnsanların Suriyanı tərk etməsinin əsas səbəblərindən biri də təhlükəsizlikdir. Bir çox miqrantlar inanmırlar ki, Suriya nə vaxtsa təhlükəsiz ölkə olacaq. Respondentlərin çoxu ölkədə ümumi qanunsuzluq və müxtəlif silahlı qrupların olması ilə bağlı narahatlıqlarını bildiriblər. Onların əksəriyyəti ölkənin parçalanmasını istəmir.


Müəllif: Samir İsayev

Oxşar xəbərlər