Türkiyədə dünən keçirilən prezident seçkiləri nəticəsində ölkənin prezidenti ilə yanaşı birinci xanımı da bəlli oldu.
Seçkilərdə 51, 96 faiz səs toplayan Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Çankaya köçkünün yeni sahibəsidir.
Türkiyə Cümhuriyyətinin 91 illik tarixi boyunca Çankaya köşkünə 12 “first lady” yerləşib.
Teleqraf.com Türkiyənin birinci xanımlarını təqdim edir:
Türkiyə Cümhuriyyətinin qurucusu və ilk dövlət başçısı Mustafa Kamal Atatürkün xanımı Lətifə Uşaki ölkədə ilk “first lady” adını daşıyıb. 1923-25-ci illərdə Atatürklə evli olan Lətifə xanım Mustafa Kamaldan ayrılandan sonra ailəsi ilə birlikdə İzmirə köçüb və 77 yaşında vəfat edib.
2-ci prezident İsmət İnönünün həyat yoldaşı Mevhibə İnönü 1938-ci ildən 1950-ci ilədək Çankaya köşkünün sahibəsi olub.
3-cü prezident Cəlal Bayarın həyat yoldaşı Rəşidə Bayar 10 il Çankayada məskunlaşıb.
Türkiyənin 4-cü “first lady”si Camal Gürsəlin xanımı Məlahət Gürsəl 6 il ərzində Çankayada yaşasa da, həyat yoldaşının xəstəliyinə görə Türkiyə Böyük Millət Məclisi onun səlahiyyətinə xitam verib və nəticədə Çankayadan ayrılmalı olub.
1966-cı ildən 1973-cü ilədək prezident olan Cevdet Sunayın həyat yoldaşı Atıfət Sunay 7 il ərzində köşkdə yaşayıb.
Türkiyənin 6-cı birinci xanımı ölkə başçısı Fəxri Korutürkün həyat yoldaşı Əməl Korutürkdür. O, 1973-cü ildən 1980-ci ilədək Çankayaya sahiblik edib.
7-ci prezident Kənan Evrenin Həyat yoldaşı və Səkinə Evren 1982-89-cu illərdə Çankayada yaşayıblar.
Ölkənin 8-ci “first lady”si Səmra Özal cəmi 4 il Çankayada qala bilib. 1980-cu ildən Türkiyəyə rəhbərlik edən Turqut Özal dünyasını dəyişəndən sonra S.Özal 1993-cü ildən Çankayadan köçüb.
9-cu prezident Süleyman Dəmirəlin xanımı Nazmiyə Dəmirəl 1993-2000-ci illər arası Çankayanın sahibəsi olub.
Türkiyənin 10-cu dövlət başçısı Necdət Sezerin həyat yoldaşı Səmra Sezer 2007-ci ilədək Çankayada yaşayıb.
11-ci prezident Abdullah Gülün xanımı Hayrünnisa Gül 2007-ci ildən “first lady” olub.
Rəcəb Tayyib Ərdoğanın 12-ci prezident seçilməsi ilə Əminə Ərdoğan birinci xanım statusunu əldə etmiş oldu.
Ə.Ərdoğan 1955-ci ildə İstanbulda anadan olub. 1978-ci ildə Rəcəb Tayyib Ərdoğanla ailə həyatı quran Əminə Ərdoğanın 4 övladı var.