28 Aprel 2018 15:10
1 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alman hökuməti Bəşər Əsədin son qərarını tənqid edib və bunu qeyri-qanuni adlandırıb.

Teleqraf.com xəbər verir ki, Suriya rejiminin lideri Bəşər Əsəd aprelin əvvəlində imzaladığı qərara əsasən ölkədə yeni tikintilərin həyata keçirilməsi mümkün olacaq.

Dəməşqin bu qərarı daha çox müxalifətə qarşı addım hesab olunsa da, qərarla ev-eşiklərini məcburi tərk edərək ölkədən qaçan miqrantlar mülklərini itirməli olacaq.

Almaniya hökumətinin sözçüsü Ulrike Demmer bildirib ki, qərardan ciddi narahatlıq keçirirlər: “Suriya rejimi və müttəfiqləri müxalifət bölgələrini mühasirəyə alıb, bombalayıb və insanları məhrumiyyətə sürükləyib. Nəticədə insanlar öz ev və mülklərini tərk etmək məcburiyyətində qalıblar. 2011-ci ildən bu yana Suriyada 11 milyon insan evini tərk edib, bunun 5 milyonu ölkə xaricinə qaçıb.

İndisə Suriya rejimi əsassız bəhanələrlə xaricə qaçan insanların mal və mülklərini əllərindən almağa çalışır. Bu vəziyyət qaçqınların öz ölkələrinə qayıdışına maneə yaradacaq.

Biz rejimin bu addımına seyrçi qalmayacağıq. Alman hökuməti məsələ ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasına üzv dövlətlərlə məsləhətləşmələr aparır”.

Bəşər Əsədin bu addımı Türkiyədə də narahatlıqla qarşılanır. Çünki hazırda 3 milyona yaxın suriyalı Türkiyə ərazilərində yaşayır.


Müəllif: Cavad

Oxşar xəbərlər