Əhməd Davutoğlu təkliflər paketini İslam Əməkdaşlıq Təşkilatına (İƏT)təqdim edib
Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu İslam Əməkdaşlıq Təşkilatına Qəzzada baş verənlərlə bağlı 7 maddəlik təkliflər paketi təqdim edib.
İƏT-in Genişləndirilmiş İcra Komitəsinin toplantısında çıxışı zamanı Davutoğlu Qəzzada atəşkəsin bərpası və normal həyatın bərpa edilməsi üçün İƏT-in lazımi addımlar atmasını vacib sayıb.
Qəzzaya hümanitar yardımların artırılmasını zəruri hesab edən Davutoğlu Türkiyənin bu sahədə gördüyü işlərdən danışıb: "Atəşkəsin elan olunması kifayət deyil, bunun davamlı və zəmanətli olması lazımdır. Dünya birliyi bununla bağlı İsrailə təzyiqlər etməlidir".
Üçüncü təklif Qəzzada dağıntıların aradan qaldırılması, zədələnmiş və yarımçıq tikililərin bərpa və davam etdirilməsindən ibarətdir.
Dördüncüsü, BMT İnsan Haqları Şurası Qəzzaya hücumu araşdırmalı, günahkarın cəzalandırılması üçün gərəkən addım atılmalıdır.
Beşincisi, Fələstin dövlətinə, hakimiyyətinə dəstək verilməlidir.
Altıncı, bütün beynəlxalq təşkilatlarda Fələstin dövlətinin təmsil olunması vacibdir. Fələstin artıq "Fələstin idarəçiliyi", "Fələstin gücləri" sözləri ilə deyil, "Fələstin dövləti" kimi tanınmalı və çağırılmalıdır.
Nəhayət, paytaxt Qüds olan Fələstin dövləti 1967-ci ilin sərhədləri daxilində yaradılmalıdır. İƏT Fələstin dövlətinin yaradılması üçün üzərinə düşən işləri həyata keçirməlidir.