Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya iki ölkə arasında sərhəd nəzarəti formatının müəyyənləşməsini təklif edib.
Teleqraf.com xəbər verir ki, Lukaşenko Rusiya rəhbərliyini nəzərdə tutaraq deyib:
“Onlar özləri də nə istədiklərini və Belarus-Rusiya sərhədində nə etdiklərini bilmirlər. Müəyyənləşir, qoy müəyyənləşsin... Bizim cavab vermək problemimiz yoxdur. Biz istənilən an cavab addımı ata bilərik. Sərhədi bağlamaq istəyirlərsə, buyursunlar”.
Dövlət başçısı Belarusun cavab addımı atmağa hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, Belarusun Rusiya ilə sərhəddə dislokasiya olunmuş daimi dövlət sərhəd xidməti bölmələri mövcud deyil. Ötən ilin əvvəlində Minsk 80 ölkənin vətəndaşları üçün beş günlük vizasız rejim tətbiq edib. Bu, üçüncü ölkə vətəndaşlarının müvafiq yoxlamalardan keçmədən Rusiyaya daxil olmasına səbəb olub.
Rusiya Federal Təhlükəsizlik Xidməti buna cavab olaraq Belarusla sərhəddə bir neçə sərhəd zonasının yaradılacağını bildirib.