Cənubi Koreyanın “Daelim” şirkəti bəyanat yayaraq İsfahanın neftayırma təsisatının genişləndirilməsi üçün iki il əvvəl İranla bağladığı 2 milyard dollarlıq müqaviləni ləğv etdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, şirkətin yaydığı bəyanatda müqavilənin ləğvinin İran tərəfinin nəzərdə tutulan vəsaiti təmin etməkdə çətinlik çəkməsi və ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalarla əlaqədar olduğu bildirilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib. O bildirib ki, bu razılaşmadan çıxdıqdan sonra Vaşinqton İrana sanksiyaları daha da gücləndirəcək. Son həftələrdə dünyanın bir sıra nəhəng şirkətləri ABŞ-ın İrana yeni sanksiyalarını nəzərə alaraq Tehranla əməkdaşlığı dayandırıblar.
İsfahanın neftayırma təsisatı isə gün ərzində 375 min barrel neft istehsal etmək qabiliyyətinə malikdir. Bu isə İranın istehsal etdiyi neftin 22 faizini təşkil edir.