İsrailin baş naziri Binyamin Netanyahunun İrana qarşı sərt siyasət yürütməsi üçün Almaniya kansleri Angela Merkel ilə danışıqları nəticəsiz olub.
Teleqraf.com xəbər verir ki, Berlində etirazla qarşılanan Netanyahu Merkel ilə görüşdən sonra keçirilən brifinqdə "xanım Merkel İranla əldə olunmuş nüvə anlaşmasına sadiqdir", deyə bildirib.
Merkel öz növbəsində çıxışında qeyd edib ki, nüvə anlaşması İranda şəffaflığa şərait yaratdı: "Əks təqdirdə İran atom bombası istehsalının astanasındaydı. Bizim mövqeyimiz bundan ibarətdir".
Merkel əlavə edib ki, İran İsrailə yaxın ərazilərdə yerşləşən dövlətlərin daxili işlərinə müdaxilələrə son qoymalı və geri çəkilməlidir.
Netanyahu çıxışında İranin dini lideri Ayətullah Əli Hamaneyinin "İsrail təmizlənməsi gərəkən xərçəng xəstəliyidir" ifadəsini diqqətə çatdırıb: "21-ci əsrdə kiminsə İsraili Yer üzündən silməyə çalışması çox təəccüblüdür. İran bizi yox etmək üçün nüvə silahına sahib olmaq istəyir. Biz bunun gerçək olduğuna inanırıq. İran Əfqanıstan və Pakistandan gələn 18 min şiə yaraqlısını Suriyaya göndərib. İran yaraqlıların sayını 80 minə çatdırmaq istəyir. Bu, sünnilərin çoxluq təşkil etdiyi Suriyada yeni münaqişələrə səbəb olacaq. Qarşısını almaq üçün İrana qarşı yeni sanksiyalar tətbiq etmək lazımdır".