Dörd ölkə – Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin Qətər dövləti ilə diplomatik münasibətləri kəsmələrindən bir il keçdi. Qətər faktiki olaraq blokadaya alındı. Bu dövlətlər Qətərə 13 maddəlik ultimatum irəli sürdülər. Maddələr içərisində İranla əməkdaşlığın dayandırılması, Türkiyə hərbi bazasının ölkə ərazisindən çıxarılması və məşhur “Əl-Cəzirə” televiziya kanalının yayımının dayandırılması var idi. Bu, faktiki olaraq o demək idi ki, müstəqilliyindən əl çək.
Teleqraf.com xəbər verir ki, situasiyanı şərh edən politoloq Elxan Şahinoğlu daha sonra deyib:
“Bu işi başladan Səudiyyə Ərəbistanı düşünürdü ki, müttəfiqi ABŞ-dan dəstək alacaq. Ancaq Vaşinqton qovğaya qarışmadı, Donald Trampın anti-İran ritorikasına rəğmən, Ağ Ev Səudiyyə Ərəbistanı ilə yanaşı Qətərlə də strateji tərəfdaşlığını davam etdirir. Bunda ABŞ-ın Qətərdə hərbi bazasının varlığı da rol oynayır. Blokadanın ilk günlərində Qətərdə bir az təşviş yarandı, dükanlar boşaldıldı və sair. Məsələ burasındadır ki, Qətər qaz nəql edən varlı dövlət olsa da, ərzağın hamısını xarici ölkələrdən alırdı. Qətərin köməyinə Türkiyə və İran yetişdi, daha sonra Oman və Hindistan da Qətərə limanlarından gen-bol istifadəyə icazə verdilər. Bir sözlə Qətər təslim olmadı, əksinə özü ərzaq istehsalına başladı”.
Politoloq qeyd edib ki, buna baxmayaraq, Qətər üçün böyük qonşusu Səudiyyə Ərəbistanı ilə düşmənçilik şəraitində yaşaması böyük təhlükəsizlik problemi yaradır:
“Ayrıca, qətərlilər müqəddəs Məkkə və Mədinə şəhərlərini ziyarət edə bilmirlər. Səudiyyə Ərəbistanı geri addım atmaq istəmir. Bu isə o deməkdir ki, Yaxın Şərqdə bir il öncə formalaşan yeni münaqişə ocağı digərləri kimi uzun sürəcək”.