6 İyun 2018 19:42
3 272
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya kəskin dəyişiklik ərəfəsindədir. Sui-qəsd nəzəriyyəçisi Konstantin Sivakovun “Rusiyanın parçalanması nəzəriyyəsi” reallığa çevrilir. ABŞ və İngiltərə 145 milyonluq əhalisinin 24 milyonunun Kremlin Yaxın Şərq, Cənubi Qafqaz və Şərqi Avropada keçirdiyi hərbi əməliyyatlara görə aclıq səviyyəsində yaşayan Rusiyanı küncə sıxışdırır. Supergüclər “dünyanın ən nəhəng piroqu”nu öz aralarında bölürlər.

Teleqraf.com xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) kölgəsində fəaliyyət göstərən nüfuzlu media qurumları Rusiya Federasiyasının parçalanması planının yenidən masaya qoyulduğunu iddia edirlər.

Mənbələrin iddiasına görə, Kreml Yaxın Şərq və Ukraynadakı mövqelərindən geri çəkilməsə, Rusiya SSRİ-nin aqibəti ilə üzləşəcək.

Plan barədə kəşfiyyat məlumatları əldə edən Rusiya Prezidenti Vladimir Putinə SSRİ-nin Əfqanıstanda həyata keçirdiyi əməliyyatlar misal göstərilib. Müttəfiqlərin mesajı “Putin SSRİ-nin səhvini təkrar etməməlidir” xəbərdarlığı üzərindən göndərilib.

CIA-ya yaxın mənbələr ABŞ və İngiltərənin Rusiyanın nüvə arsenalını yox edəcək və federasiyanı parçalayacaq plana sahib olduğunu ehtimal edirlər. Qeyd edilir ki, Putin ordusunu Qərbə mane olmayacaq mövqeyə çəkməsə, Rusiya ABŞ, Avropa İttifaqı, Yaponiya və Çin arasında bölüşdürüləcək.

7.2 milyon kvadratkilometrlik Şərqi Sibir bölgəsinin Çinə birləşdirilməsini nəzərdə tutan planın tərkib hissəsi olaraq, 11 min kv-km sahəni əhatə edən Kuril adaları Yaponiyaya ilhaq edilir. Parçalanma SSRİ dönəmində Rusiyaya birləşdirilmiş Kareliya bölgəsinin yenidən Finlandiyaya qaytarılmasını da nəzərdə tutur.

Çeçenistan, Qafqaz, Tatarıstan, Buryatiya və Ural adlı 5 müstəqil dövlət də xəyali Rusiya peyzajında peyda olub. Sui-qəsd nəzəriyyəçiləri sürətli parçalanmanın İŞİD, Əl-Qaidə kimi terror təşkilatlarının kök saldıqları Şimali Qafqazdan – Azərbaycan sərhədlərindən başlayacağını ehtimal edirlər.

“Parçalanmış Rusiya Proyekti”, yaxud “Post-Putin dönəmində Rusiyada yaşayan xalqlar” adlandırılan və federasiyanın 9 yerə bölünməsini nəzərdə tutulan zəncirin ən kiçik həlqəsi aborigen ruslar üçün nəzərdə tutulub. Federasiya subyektlərində qurulacaq yeganə rus dövləti 3 min kvadrat kilometrlik Moskva ərazilərinə düşür. Burada paytaxtı Moskva olan kiçik “Borovitsk Knyazlığı” qurulacaq.

ABŞ və İngiltərə kəşfiyyatının “Xalqlar, demokratik Rusiya: Müttəfiqlər, mənbələr və strategiyalar” adlı hesabatına əsasən, Rusiyanın siyasi sistemi demokratik dəyərlərə uyğun vəziyyətə gəlməsə, federasiya daxilində mədəniyyətlərarası qarşıdurma qaçılmaz olacaq. Hesabata görə, maraqların təmin olunması üçün bu ölkələrdə modern və humanist siyasi sistem bərqərar olmalıdır ki, bunun da yolu maraqları təmin edən siyasi güclərin hakimiyyətə gətirilməsindən keçir.

Hesabata görə, layihənin icrası 2025-ci ilədək başa çatdırılmalıdır. 2023-cü ilin ilk rübdə görülən işlər analiz edilərək, 2025-ci ildə sənəd formasında qəbul edilib imzalanmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər