7 İyun 2018 08:48
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 5-də ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun (59 nəfər Konqres üzvü İşçi Qrupda təmsil olunur) həmsədrləri Stiv Kohen (Demokrat – Tennesi) və Bil Şuster (Respublikaçı – Pensilvaniya) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı bəyanatlar veriblər.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, konqresmen Stiv Kohen Azərbaycanı 100 illik münasibətilə təbrik edərək bəyanatda bildirib ki, 28 may Azərbaycan xalqının 1918-ci ildə Rusiya imperiyasından müstəqilliyinin əldə edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü kimi qeyd edilir. Azərbaycanın müstəqilliyinə 1920-ci ildə Sovet qoşunları tərəfindən son qoyulmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin dünyada müsəlman çoxluğa malik ilk dünyəvi parlament demokratik respublika kimi formalaşmasının və prezident Vudro Vilson administrasiyası zamanında ABŞ tərəfindən diplomatik tanınmasının diqqətəlayiq olduğu bəyanatda vurğulanıb. Bəyanatda həmçinin xatırlanıb ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə öz vətəndaşlarını universal seçki hüququ ilə təmin edib, bununla da qadınlara seçki hüququ verən ilk müsəlman dövlət kimi bərqərar olub. Daha sonra bəyanatda qeyd olunub ki, Sovet İttifaqı dağılan zaman, Azərbaycan, Parlamentinin Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı ilə 1991-ci il 18 oktyabr tarixində öz müstəqilliyini bərpa edib.

Azərbaycanın qlobal enerji təhlükəsizliyinin artırılmasında əsas rol oynayan dövlət kimi formalaşdığı bəyanatda diqqətə çatdırılıb. Xəzər dənizindən başlamaqla Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçməklə İtaliyaya çəkilən Cənub Qaz Dəhlizinin yekunlaşması və Xəzər dənizindən Avropa bazarlarına təbii qazın həcminin çoxalması ilə Amerikanın əsas müttəfiqlərinin enerji təhlükəsizliyinin artacağı xüsusi vurğulanıb. Bəyanatda bununla yanaşı, Azərbaycanın İsrailin neft istehlakının təqribən 40 faizini qarşıladığı və İsraillə dost münasibətlərə malik olduğu bildirilib. Yəhudilərin heç bir əngəl olmadan 2500 ildir ki, Azərbaycanda yaşadığı, Azərbaycanın yəhudi icmasının sayının 12000 nəfər təşkil etdiyi qeyd olunub. Azərbaycanın, həmçinin Xristian icmasının da evi olduğu və ölkənin Avropa Parlamentitərəfindən dini tolerantlığa görə təqdir olunduğu barədə bəyanatda məlumat verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər