Bakıda Böyük Britaniya kraliçası II Yelizavetanın doğum günü ilə bağlı qəbul keçirilib.
Teleqraf.com xəbər verir ki, qəbulda əvvəla Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts qonaqları Azərbaycan və ingilis dillərində salamlayıb.
Daha sonra çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, iki ölkə arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əsasında qurulan əlaqələrin tarixi 26 ildən çoxdur davam edir: "Əlaqələrimiz enerji və qeyri-enerji sektoru daxil olmaqla bir sıra sahələri əhatə edir. Britaniya Azərbaycanda ən böyük investordur. Azərbaycanda 400 Britaniya şirkəti fəaliyyət göstərir. Bu yaxınlarda açılışı reallaşan Cənubi Qaz Dəhlizi layihəsi əməkdaşlığımızda və qlobal enerji təminatında yeni üfüq açır. Əsrin müqaviləsinin 2050-ci ilə qədər uzaldılması, yeni yataqların kəşfi ilə bağlı nəzərdə tutulan tədbirlər, eləcə də BP ilə yeni müqavilələr tərəfdaşlıq əlaqələrimizin yeni səviyyəyə qalxmasına təsir göstərəcək".
Nazir qeyd edib ki, hər iki ölkə sülhün və qlobal təhlükəsizliyin təmin olunmasında sıx əməkdaşlıq edir: "Əminəm ki, qarşılıqlı faydalı əməkdaşlıq gələcəkdə daha da inkişaf edəcək".