İranın nüvə fəaliyyətini bərpa etməsi, bu ölkənin Avropa İttifaqı ilə münasibətlərinə ciddi zərbə vuracaq. Halbuki ABŞ nüvə müqaviləsini təktərəfli formada ləğv edəndə Fransa, Almaniya və İngiltərə bu təzyiqə qoşulmaq məsələsini qəbul etmirdi. Lakin İranın atdığı son addımlar Avropa İttifaqını da geri çəkilməyə məcbur edir.
Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq qeyd edib ki, ABŞ-ın Tehrana təzyiqlərinə baxmayaraq, Aİ İranla münasibətlərini qoruyub saxlamağa çalışırdı:
“Avropa İttifaqının da beynəlxalq təzyiqlərə qoşulmasından sonra İran ətrafındakı halqanın tamamilə daralacağına şübhə yoxdur. Əvvəlki illərlə müqayisə olaraq, bu dəfəki təzyiqlər İran hakimiyyətinə ciddi problemlər yaradacaq. Çünki xarici təzyiqlər fonunda daxildə hakimiyyət əleyhinə ciddi narazılıqlar var. Hesab edirəm ki, ölkə yeni kütləvi etirazların astanasındadır. Belə bir kütləvi etirazlar ötən ilin dekabrında da özünü göstərmişdi.
Qərblə yaşanan gərginlik İranda siyasi vəziyyəti qızışdıracaq, hakimiyyət əleyhinə növbəti etiraz dalğası yaradacaq. ABŞ və İsrail də çalışacaq ki, daxili narazılıqlardan maksimum istifadə edib hakimiyyətin dəyişdirilməsinə zəmin yaratsınlar”.
Məhəmməd Əsədullazadə bildirib ki, əvvəlki illərdən fərqli olaraq, teokratik rejimin güclü sosial bazası yoxdur: “Çünki İran cəmiyyəti inanır ki, hakimiyyət neft və qaz satışından gələn pulları iqtisadiyyata yox, Suriyadakı əməliyyatlara xərcləyir. Bu, hakimiyyət və xalq arasında keçilməz uçurum yaradıb.
Göründüyü kimi, İran hakimiyyəti həm daxildən, həm də xaricdən ciddi təzyiq altındadır. ABŞ elə bunu istəyirdi”.